Dekabrın 13-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Damar cərrahlığının aktual məsələləri və son yeniliklər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bu günkü konfrasın səhiyyənin və tibb elminin ən vacib sahələrindən biri olan, bəşəriyyətin uzun illərdir ki, bir nömrəli tibbi problemi sayılan ürək-damar xəstəliklərinə həsr edildiyini bildirib. Ürək-damar xəstəliklərinin bütün dünyada ümumi göstəricilərinə görə hələ də birinci yerdə qaldığını deyən prorektor qeyd edib ki, son illər bu xəstəliklərin vaxtında müayinəsi və müalicəsinə xüsusi diqqət yetirilir. Belə ki, çoxsaylı tədbirlər həyata keçirilir, müxtəlif milli proqramlar qəbul edilir və geniş miqyaslı təşkilati məsələlər öz həllini tapır.
Dosent R.Bəylərov qardsaş Türkiyədən dünyada məşhur olan ürək-damar cərrahlarının tədbirə dəvət olunmasını və ustad dərsləri keçəcəklərini konfransın əsas özəlliyi kimi dəyərləndirib. Bu konfransın məhsuldarlığı, aktual məsələlərin müzakirəsi ilə yadda qalacağına, eləcə də müalicə işi ilə məşğul olan həkimlərimiz üçün gündəlik fəaliyyətlərində faydalı olacağına əminliyini ifadə edib.
Çıxışının sonunda universitetimizin rektoru, professor Gəray Gəraybəylinin salamlarını və ən xoş arzularını konfrans iştirakçılarına çatdıran prorektor ürək-damar xəstəliklərinin ən son müalicə üsullarının nəticələrinə aid bir çox yeniliklərin ölkəmizdə ilk dəfə olaraq burada səslənəcəyini vurğulayayb və konfransın işinə uğurlar arzulayıb.
“Burası bizim Vətənimiz, Türkiyədən, İstanbuldan hər birinizə salam gətirmişəm” – deyən İstinye Universiteti Hospitalı, Damar Sağlamlığı və Yaşam Mərkəzinin rəhbəri, kardiovaskulyar cərrahı, professor Yusif Kalko konfrransın gedişində öz bilgilərini, təcrübələrini azərbaycanlı kolleqaları ilə bölüşəcəklərini söyləyib.
Sonra konfrans öz işini professorlar S.Hadıyev, M.Kərimov, K.Musayev, A.Memiş, F.Abbasov, N.Abışov və R.Mahmudovun moderatorluğu ilə davam etdirib. Ürək-damar cərrahiyyəsinin nəzəri və praktiki məsələlərinə həsr olunmuş məruzələr dinlənilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin elmi rəhbəri, professor M.Kərimov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ATU-nun I cərrahi xəstəliklər kafedrasının professoru K.Musayev, M.Topçubaşov adına ECM-nin damar cərrahiyyəsi şöbəsinin müdiri, professor N.Abışov, RDM-nin Ürək Mərkəzinin rəhbəri Anar Əmrah, Mərkəzi Klinik Xəstəxananın damar cərrahiyyəsi şöbəsinin cərrahı R.Əliyevin ayrı-ayrı mövzularda məruzələri konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Kardiovaskulyar cərrahı, professor Yusif Kalko “İnsult keçirmiş xəstələrdə müasir yanaşmalar”, “Diabetik ayaqda distal okkluziya və müalicə”, “Minimal invaziv periferik damar cərrahiyyəsi” mövzularında, Türkiyənin Hərbi Tibb Xidmətlərinin komandiri, cərrah xidməti generalı, professor Ufik Demirkılıc isə “Robotik ürək cərrahiyyəsi” mövzusunda ustad dərsləri keçiblər.
Konfrans məruzələrə dair sual-cavab və müzakirələrlə yekunlaşıb.