ATU-nun professoru Beynəlxalq mükafata layiq görülüb

Dekabrın 19-da Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasında tədbir keçirilib.

Tədbiri kafedranın professoru Fəxrəddin Məmmədov açaraq bildirib ki, kafedranın müdiri, professor Qoşqar Əliyev Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasına üzv seçilib və “Beynəlxalq Qızıl Ulduz” Medalı ilə təltif olunubdur.

 

Professor F.Məmmədov professor Q.Əliyevin yaradıcılığına qısa ekskursiya etdikdən sonra bu münasibətlə onu təbrik edib. Sonra söz adıçəkilən Akademiyanın Azərbaycan təmsilçisi professor Elçin İsgəndərzadə verilib. O, təmsil olunduğu akademiya ilə bağlı geniş məlumat verdikdən sonra qeyd edib ki, bu nüfuzlu mükafat türkdilli ölkələrdə yaşayan, müxtəlif sahələrə öz elmi, xidmətləri ilə töhfə verən dövlət, elm və mədəniyyət adamlarına verilir:” Qoşqar müəllim də Elmi Baş Məclisin üzvlərinin 11 dekabr 2019-cu il tarixli qərarı ilə Akademiyaya üzv qəbul olunub və eyni zamanda Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Türk dünyasının elm və təhsilinə göstərdiyi yüksək xidmətlərinə görə “Beynəlxalq Qızıl Ulduz” Medalına layiq görülüb”.

 

Professor E.İsgəndərzadə bu mükafatın həmçinin Azərbaycan və digər türkdilli ölkələrin tanınmış dövlət və elm adamlarına verildiyini də qeyd edib. Onların sırasında Ulu öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin sabiq prezidenti Süleyman Dəmrəlin, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin və digərlərinin adlarını çəkib.

 

Professor Q.Əliyev də öz növbəsində bu mükafat və uğuru təkcə özünün uğuru kimi yox, həmçinin universitetin və kollektivin uğuru kimi dəyərləndirib.