Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Xeyma şəhərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin (RAK TSEU) Stomatologiya fakültəsinin tələbələri Azərbaycan Tibb Universitetində təcrübəni yekunlaşdırıblar. Həmi universitetin V kursunun 11 tələbəsi iki həftə ərzində ATU-nun Tədris-Cərrahiyyə Klinikasında yerləşən Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında kafedra müdiri, prof. Çingiz Rəhimovun ümumi rəhbərliyi altında klinik təcrübə keçiblər. Tələbə heyətinə RAK TSEU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.ü.f.d., universitetimizin məzunu Sabrin Azim başçılıq edib.
Təcrübə müddətində tələbələr kafedranın və müvafiq şöbənin iş prinsipi ilə tanış olublar, müxtəlif cərrahi əməliyyatların gedişini izləyiblər, həmçinin xəstələrin ambulator müalicə prosedurlarını müşahidə ediblər.
Xarici tələbələrin nümayəndə heyətini ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Orxan İsayev qəbul edib. Dos. Orxan İsayev iki universitet arasında yaranmış işgüzar münasibətlərin öz müsbət nəticəsini verdiyini, əməkdaşlığın bundan sonra da müxtəlif sahələrdə davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Dr. Sabrin Azim RAK TSEU tələbələrinin yüksək səviyyəli təcrübə keçməsinə yaradılan şərait üçün ATU rəhbərliyinə, xüsusi olaraq rektor Gəray Gəraybəyliyə təşəkkür etdi. O, universitetlər arasında əməkdaşlıq sazişinin bağlanması və əməli işbirliyinin ortaya qoyulmasında dos. Nadir Zeynalovun böyük zəhmətinin olduğunu xüsusi vurğuladı.
Sonra Birləşmiş Ərəb Əmirliklərindən olan tələbələr təcrübə proqramı və ümumiyyətlə Azərbaycan Tibb Universiteti haqqında təəssüratlarını bölüşdülər. Gənclər təcrübənin yüksək səviyyədə təşkili, onlara göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını bildirdilər. Əcnəbi tələbələrlə görüşdə həmçinin ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dos. Müşfiq Orucov, müdir müavini, baş müəllim Nigar Ələkbərova, mübadilə proqramları üzrə koordinator, ass. Aygün Bayramova da iştirak edirdilər.
Görüşün sonunda təcrübə iştirakçılarına sertifikatlar təqdim olundu.