Tədris Terapevtik Klinikada "İnsultun menecmenti" mövzusunda təlim keçirilib
14-17 fevral 2020-ci il tarixləri arasında ATU-nun Tədris Terapevtik Klinikasında “ATU-da İnsultun Menecmentinin Təkmilləşdirilməsi Proqramı İnsult Mərkəzinin yaradılması Pilot Layihəsi (2019-2020)” çərçivəsində İnsultun menecmenti üzrə təlimin 1-ci və 2-ci Modulları keçirilib.
Azərbaycan Tibb Universiteti, Azərbaycan Nevroloqlarının Milli Asossasiyası və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı və Uptodate in Medicine təşkilati dəstəyi ilə keçirilən təlimin məqsədi Azərbaycanda İnsult Mərkəzinin yaradılması üçün tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə müasir yeniliklər ilə tibb işçilərini tanış etmək olub.
Təlim kurslarında Danimarka, Rusiya və Azərbaycandan mütəxəssislər iştirak edib. Bu təlim kursunun fəaliyyətində eyni zamanda tibb tələbələri və həkim-rezidentlər iştirak edirdi ki, bu da Azərbaycanın gələcək tibb potensialının gücləndirilməsi üçün xüsusi önəm daşıyır.
Qeyd edək ki, insultun məhz erkən diaqnostikası və müalicəsinin aparılması xüsusi önəm kəsb edir və daha ciddi ağırlaşmaların qarşısını almağa və həyat keyfiyyətinin və ömür uzunluğunun yaxşılaşdırılmasına kömək edir.
Bu təlimdə insultun diaqnostikası və müalicəsində habelə, həmin xəstələrin təqibi ilə bağlı ən müasir məlumatlar paylaşıldı və fikir mübadiləsi aparıldı. Layihə çərçivəsində klinik insultun profilaktikasına dair klinik təlimatların da hazırlanması həyata keçirildi.
Təlimin hər iki modulu Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən Davamlı Tibbi Təhsil fəaliyyəti kimi akkreditasiya olunmuş və hər modul 16 DTT kredit balı ilə dəyərləndirilib.