Xaçmaz rayonunda “Tələbə həmkarlar ittifaqı komitələri könüllülük hərəkatının təməllərindən biridir” mövzusunda Qış Liderlik Məktəbi başa çatıb. Nabrandakı “Təhsil” istirahət mərkəzində keçirilən tədbirə Azərbaycanın 29 ali təhsil müəssisəsindən 100-dən artıq tələbə qatılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunan Qış Liderlik Məktəbində ATU Tələbə Həmkarlar İttifaqının fəalları da iştirak ediblər.
Tədbirin məqsədi Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi ilə əlaqədar könüllülüyün təbliğinə töhfə verməkdən ibarət olub.
Üç gün davam edən Qış Liderlik Məktəbi çərçivəsində müxtəlif mövzularda panel müzakirələr keçirilib. Müzakirələr zamanı tələbələr könüllülüyün məqsəd və prinsipləri, ölkəmizdə gənclərin könüllü fəaliyyətə cəlb olunması sahəsində görülən işlər və könüllülüyün inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, bu cür tədbirlər gəncləri könüllü fəaliyyətinə cəlb etmək, onların fərdi inkişafına təkan vermək, sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək üçün əhəmiyyətlidir.
Tələbələr Qış Liderlik Məktəbi çərçivəsində müxtəlif idman növləri üzrə yarışlarda və intellektual oyunlarda da iştirak ediblər.
Tədbir çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi də ziyarət olunub. Bu zaman Qış Liderlik Məktəbinin iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksində quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.