Bakıda Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunan “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçirilib.
Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirildikdən sonra 2012-ci ildən bəri keçirilən "Sabahın alimləri” Respublika Müsabiqəsinə dair videoçarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin elmə, təhsilə böyük önəm verdiyini vurğulayıb.
Bildirib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir. Qeyd edilən çağırışlara uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən bir sıra uğurlu təşəbbüslər həyata keçirilməkdədir. Son illər ali təhsil müəssisələrində qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslər də artırılıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb.
Bu müsabiqəni ölkəmizdə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi dəyərləndirən nazir gənclərimizin yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığını deyib və qalibləri təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb.
Məlumat üçün bildirək ki, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə bu maraqlı müsabiqəyə universitetimizin də alimləri qoşulmuşdur. Belə ki, Azərbaycan Tibb Universiteti ilə Bakı şəhərinin bir neçə orta məktəbi və liseyləri arasında olan razılaşmalara əsasən Elmi Tədqiqat Mərkəzində şagirdlər üçün “İstedadlar axtarırıq” qrupu yaradılmış və onlar mütəmadi olaraq apardıqları tədqiqat işləri ilə Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqələrdə iştirak edirlər.
Artıq neçə illərdir ki, ETM- nin direktoru, professor Qalib Qarayevin xüsusi diqqət və qayğısı sayəsində mərkəz əməkdaşlarının elmi rəhbərliyi ilə tədqiqat işlərinə qatılan şagirdlər hər il ənənəvi olaraq keçirilən “Sabahın alimləri” müsabiqəsində dəfələrlə yüksək yerləri tutub və mükafatlar qazanıblar.
Həmişə olduğu kimi bu il də BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdləri Fərhad Hacıyev və Nərgiz Orucova ”Tibb və sağlamlıq” nominasiyası üzrə professor Ramiz Axundovun və dosent Fatma Rəcəbovanın rəhbərliyi altında “Koronar qan dövranının tənzimlənməsində qulaqcıq artrial natriumuretik faktorun rolu” mövzusunda aparılmış elmi tədqiqat işinin nəticələrinə görə 2-ci yerə (gümüş medala), eyni zamanda 177 saylı tam orta məktəbin şagirdlərindən Qalib Qasımov və Cəmil Xəlilov isə professor Xudayar Həsənovun və dosent Şimid Qasımovun rəhbərliyi altında “Ağır metalların artıq miqdarının tiodiasetat turşusu ilə orqanizmdən çıxarılması” mövzusunda aparılmış elmi tədqiqat işi münsiflər heyətinin qərarı ilə 3- cü yerə (bürünc medala) layiq görülüb.
Qeyd edək ki, müsabiqədə müxtəlif kateqoriyalara görə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görülüb.
Qaliblər sırasından cari ilin may ayında ABŞ-da keçiriləcək ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi, bu il də ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərə 10 mükafat təqdim edilib.