Dünyada tanınmış türk alim Azərbaycan onkoloqunun təklif etdiyi süni diz oynağı protezindən bəhs etmişdir
Türk Ortopedi ve Travmatoloji Birliyi "Multidisipliner Yaklaşımla Kemik ve Yumuşak Doku Tümörleri" adlı kitab hazırlamışdır. Kitabda Türkiyədə onkoloji cərrahiyyədə inqilab edən professor dr. Güven Yücetürkün Azərbaycanın tanınmış onkoloqu Əhliman Əmiraslanovdan yardım aldığını açıqlayıb. O, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun təklif etdiyi süni diz oynağı protezi haqqında qeyd edərək bildirib ki, bu endoprotez ötən əsrin 90-cı illərinin əvvəlində Moskvada Əhliman Əmiraslanovun rəhbərlik etdiyi klinikada görüş zamanı ona təqdim edilib: "Buna qədər istifadə olunan avadanlıq inanılmaz dərəcədə bahalı idi. Ona görə də, Moore qalça protezlərinin stemini (ayağını) uzadıb qalınlaşdıraraq, bunu Meqa-protez adı ilə istifadə edirdik. Moskvada olarkən Əhliman Əmiraslanov təklif etdiyi metal - poliester süni diz oynağı protezini mənə verdi. İzmirdə yerli firmada həmin protezdən hazırlatdırıb istifadə etdim". Müəllif akademik Əhliman Əmiraslanova təşəkkürünü bildirərək bu protezin istifadəsi nəticəsində çoxlu sayda xəstənin hərəkətini bərpa etdiyini və onların normal həyata qayıtmasına nail olduğunu qeyd etmişdir.
Kitabda müəllif həmçinin akademik Ə.Əmiraslanovun ona hədiyyə etdiyi süni diz oynaşı protezinin şəklini də dərc edib.