“Fakültəyə əlvida, həkimliyə salam”
İstanbul Universiteti və Azərbaycan Tibb Universitetinin əməkdaşlığı çərçivəsində "Fakültəyə əlvida, həkimliyə salam" adlı online tədris proqramına start verilb. İstanbul Universitetinin Tibb fakultəsinin və “Doktorclub” online platformasının dəstəyi ilə baş tutan proqram iyunun 12-dək davam edəcək.
Proqramda Azərbaycan Tibb Universitetinin tələbə və rezidentləri, həmçinin, gənc həkimlər iştirak edirlər. 5 gün ərzində İstanbul Universitetinin aparıcı professor və mütəxəssisləri tərəfindən iştirakçılara gənc həkim kimi fəaliyyətə başlaması ilə əlaqədar maraqlı mövzular təqdim olunur. “Həkim olduq – indi bizi nə gözləyir?”, Həkimlərin öhdəlikləri, vəzifələri, hüquqi məsuliyyətləri, xəstələr və onların yaxınları ilə davranış kimi mövzular məzun və tələbələrin gələcək peşəkar fəaliyyətinə hazırlıq mərhələsinə yardım məqsədilə hazırlanıb.
Tədris proqramında ATU-dan 625 nəfər iştirak edir.
Bundan əlavə, tədris proqramında tibbin tam fərqli sahələri - kardiologiya, psixiatriya, ginekologiya, cərrahiyyə və digər sektorlarla bağlı tibb praktikasında ən çox rast gəlinən mövzularda bilik və bacarıqların arıtırlması məqsədilə mövzular təqdim olunur. Burada uşaqlarda ishal, yüksək temperatur, travmalar, revmatizmlə bağlı problemlər, anafilaktik şok, ölü müayinəsi və digər önəmli məsələlər haqqında da ayrıca mühazirələr olacaq.
Qeyd edək ki, tədris proqramında hazırda dünyanı cənginə alan COVID-19 virusu ilə bağlı ayrı seksiya təqdim olunur. Burada “Virus infeksiyaları və pandemiya dövründə davranış”, “COVID-19-un klinik gedişi və risk faktorları”, “COVID-19 müalicəsinin planlaşdırılması”, koronavirusun birinci mərhələdə qarşısının alınması” və digər mövzularda mühazirələr təşkil olunacaq.