Azərbaycan həkimlərinin fədakarlığı yüksək qiymətləndirilir

"Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azərbaycan həkimlərinə eşq olsun" - Bu sözləri Prezident İlham Əliyev facebook sosial şəbəkəsində 17 iyun - Tibb işçilərinin peşə bayramı günü münasibətilə paylaşımında qeyd edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da “Instagram” səhifəsində 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı səhiyyə işçilərini təbrik edib. “Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq.” – deyə birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib.
Xatırladaq ki, milli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu günün seçilməsi təsadüfi deyil. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. İyunun 17-də isə hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb. Bu gün Azərbaycan tibb işçiləri ən çətin sınaqla üzləşib. Pandemiyanın başladğı ilk gündən etibarən həkimlər öz sağlamlıqlarını riskə ataraq virusla mübarizə aparırlar.

Pandemiya ilə mübarizə aparan həkimlərin fədakarlığını həm dövlət, həm də vətəndaşlar yüksək qiymətləndirirlər. ölkə prezidentinin göstərişi ilə tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atılıb. Onların əmək haqlarına əlavələr edilib. Prezident İlham Əliyev Azərbaycan həkimlərini ayaqüstə alqışlayıb.

https://www.youtube.com/watch?v=Bxr98lqQf20&fbclid=IwAR3GA2tVC8uRHkHJ1OXNDeVE0gkQ_IFgYPBUGPBi6rUyHKqda0ugwN9gLEg