20-23 iyul tarixlərində Kapadokya şəhərində “İdman, Antropologiya, Qidalanma, Anatomiya və Radiologiya üzrə SANAR 2020” 2-ci Beynəlxalq Konqresi baş tutub. Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, REA-nın akademiki, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin rəhbərliyi ilə onun başçılıq etdiyi kafedranın əməkdaşları bu konqresdə uğurla çıxış ediblər.
Qeyd edək ki, konqres Kapadokya Universiteti ilə Ankara Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Ankara Yıldırım Beyazıt Universiteti və Yüksek İhtisas Üniversitetinin birgə fəaliyyəti nəticəsində baş tutub. Konqresə ümumilikdə 7 ölkədən və 45 universitetdən 300-ə yaxın tədqiqatçı qatılıb.
Covid-19 pandemiyasının yaratdığı problemlər fonunda, onlayn üsulla keçirilən Yaz semestri dövründə də böyük zəhmətlə çalışan kafedra əməkdaşlarının Beynəlxalq Konqresə hazırlığı davam edib.
Konqresə Yüksek İhtisas Universitetinin professoru Rabet Gözilin, Ankara Universitetinin professoru İbrahim Tekdemirin, Yüksek İhtisas Universitetinin rektoru professor doktor Mustafa Paçın və Kappadokiya Universitetinin rektoru Hasan Ali Karasarın giriş sözləri start verilib. 4 gün ərzində baş tutan Konqres işini 29 bölmədə davam etdirib.
İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşlarından professor G.Hüseynova “Axacağı S-şəkilli əyrilik əmələ gətirən sidik kisəsi vəzilərinin morfoloji xüsusiyyətləri”, dosent S.Rüstəmova “Tirositlərin həyati və ölümdən sonrakı deskvamasiyasının morfoloji xüsusiyyətləri”, baş müəllim G.Kərimzadə “Üz sinirinin yanaq şaxəsinin topoqrafiyası” mövzularında çıxışları diqqətlə dinlənilib və Azərbaycan Tibb Universitetinin, onun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının uğuru kimi qarşılanıb.
Dünyanı sarmış Covid-19 pandemiyası ilə mübarizədə qalibiyyətin astanasında olan, cəbhədə düşmənə Ali Baş Komandan Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sarsıdıcı zərbələr endirən xalqımız hər bir zaman öz Rəhbərinin elmə və təhsilə qayğısını duyub. Prezident İlham Əliyev qürurla və vüqarla "Sivilizasiyaların qovuşuğunda yerləşən qədim mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var. Xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi mütəfəkkir alimlər antik dövrün elmi nailiyyətlərinin Avropaya çatdırılmasında özünəməxsus rol oynayıb, mədəniyyətlərarası dialoqun qurulması, bəşər və dövr arasında mədəni-elmi varislik ənənələrinin qoruyub saxlaması işinə misilsiz töhfələr veriblər" deyib.
Bu gün alim və müəllimlərimiz beynəlxalq səviyyəli elmi tədbirlərdə - konqres və yığıncaqlarda ölkəmizi layiqincə təmsil etməklə yurdumuzun inkişafı işinə öz töhfələrini verməkdədirlər. Azərbaycan Tibb Universitetinin, bu böyük ali təhsil müəssisəsinin ən qabaqcıl kafedralarından olan İnsan anatomiyası və tibbi terminologiya kafedrasının belə bir tədbirdə uğurlu iştirakı Azərbaycan tibb elminin, onun parlaq nümayəndəsi olan Əməkdar elm xadimi, professor V.Şadlinskinin və rəhbərlik etdiyi kollektivin qələbələrindəndir.