Bəzən insan həyatını xilas etmək üçün cəmi bir neçə dəqiqə vaxt qalır. Xüsusilə də yol qəzalarında xəsarət alan şəxslərə düzgün qaydada ilkin yardım göstərilməsi onların sağ qalmasına kömək edir. Bu məqamda nəyi necə etməyi bilmək çox önəmlidir. Bir neçə vacib bacarıq sayəsində insan həyatını qurtarmaq olar. Bunun üçün həkim olmağa ehtiyac yoxdur.
"Ailə və Ətraf Mühit" İctimai Birliyinin hazırladığı “Hər kəs xilas edə bilər” silsilə video-təlimatlar məhz bu mövzuya həsr olunub. Videolarda həkim və mütəxəssislər yol qəzalarında zərərçəkən şəxslərə yardım göstərmək üçün ilkin biliklər haqqında məlumat verirlər. Bu zaman insanın huşa gətirilməsi, süni nəfəs verilməsi, ürəyini masaj etmək, güclü qanaxmaları kəsməyin yolları, qıcolma tutan insana göstərilən ilkin yardım və digər məqamlar haqqında məlumat verilir.
Aşağıda təqdim edilən videolarda Azərbaycan Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasının assistenti Elnur Qasımov ilkin tibbi yardımın yollarından danışır. Videolar təşkilatın sosial şəbəkə hesablar ilə yanaşı, yerli media orqanlarından da yayımlanacaq.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlar ilkin tibbi yardımın təşkili ilə bağlı məqalələr hazırlanır. Məqalələrdə nəqliyyat məsələləri üzrə ekspertlər, həkimlər, yol polislərinin fikirləri yer alıb. Layihənin həyata keçirildiyi müddətdə mətbuatda və sosial şəbəkələrdə dərc olunacaq yazılarda yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlar da yer alacaq. “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına icra olunur.