Tədris-Terapevtik Klinikada Ümumdünya Böyrək Günü qeyd olunub
Hər il mart ayının ikinci həftəsi bir çox ölkələrdə Ümumdünya Böyrək Günü qeyd olunur. Bu münasibətlə bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında elmi-praktiki konfrans keçirilib.
Tədbirdə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev nefrologiya sahəsində Azərbaycan səhiyyəsinin qazandığı uğurlarından danışıb. Daha sonra Səhiyyə nazirliyinin baş nefroloqu, ATU-nun terapevtik və pediatrik propedevtikasi kafedrasının professoru Mehman Ağayev çıxış edərək son illər Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artdığını bildirib. Onun sözlərinə görə, bunun əsas səbəbi belə xəstələrə dövlət tərəfindən diqqətin artırılması, müasir avadanlıqlar vasitəsilə xəstəliyin vaxtında aşkarlanmasıdır.,
Toplantıda respublikanın dializ mərkəzlərinin., həmçinin özəl dializ mərkəzlərinin həkimləri, Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ və böyrəkköçürmə şöbəsinin əməkdaşları müxtəlif mövzular üzrə çıxış ediblər.
Konfrans iştirakçıları Azərbaycanda böyrək transplantasiyası və virus hepatitləri, kəskin gestasion pielonefrit, böyrəklərin xroniki xəstəliyi zamanı ürəyin işemik xəstəliyi, uşaqlarda nevrotik sindromun müasir müalicəsi və s. bu kimi aktual mövzulara dair məruzələri dinləyiblər, müzakirələr aparıblar.
Ümumdünya Böyrək Günü Amerika Nefroloji Assosiasiyası və Beynəlxalq Böyrək Fondunun təklifi ilə qeyd olunur.