Hörmətli kollektiv üzvlərimiz, professor və müəllim heyətimiz, gənc həkimlərimiz, rezident və tələbələrimiz!
Sizlərin hər birinizi əsrlərdən bəri yurdumuzda qeyd edilən sevimli Novruz bayramı münasibətilə təbrik edirəm. Baharın gəlişi və təbiətin oyanışını təcəssüm etdirən Novruz bayramı qədim və gözəl bayram ənənələri ilə tanınır. Bu bayram sülh, barışıq, həmrəylik və mehriban qonşuluq dəyərlərini təşviq edir.
 
Bu il hamımız baharın Azərbaycan torpağına gəlişini xüsusi sevinc və şövqlə qarşılayırıq. Çünki uzun illər arzuladığımız kimi nəhayət ki, Novruz bayramını azad Qarabağ torpaqlarında qeyd edə bilirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ailəsi ilə birlikdə builki Novruz tonqalını Şuşada – Cıdır düzündə alovlandırması ölkəmiz və xalqımız üçün təntənəli və tarixi hadisədir.  Bu gün  Novruz bayramını Qarabağın mərkəzində - işğaldan azad olunmuş torpaqlarımızda qeyd etməyimiz böyük xoşbəxtlikdir. Qazanılmış zəfərin qorunması və əbədi edilməsi üçün şəhidlərimizin xatirəsini daim anacaq, qazilərimizin əziyyətini heç vaxt unutmayacağıq, onların ailələrinə dəstək olacağıq.
 
Hər birinizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində sizə bahar əhval-ruhiyyəsi, cansağlığı arzulayıram. Novruz bayramı bütün xalqımıza, millətimizə düşərli olsun.
 
Hörmətlə, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli