Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş, Tələbələr və Gənc Həkimlər üçün “I Beynəlxalq Tibb Konqresi”nin açılışı bu gün baş tutub
Azərbaycan Tibb Universitetində Tələbələr və Gənc Həkimlər üçün "I Beynəlxalq Tibb Konqresi"nin açılışı baş tutub. Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən konfansın açılış mərasimində əvvəlcə Azərbaycan himni səsləndi.
Azərbaycan dövlətinin müstəqillik tarixinə, inkişafına həsr olunmuş qısa filmin nümayişindən sonra Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov salamlama nitqi ilə çıxış etdi. Milli Məclis üzvü Əhliman Əmiraslanov ümummilli lider, görkəmli siyasi-ictimai xadim Heydər Əliyevin təhsilə olan diqqət və qayğısından, onun rəhbərliyi dövrünsə səhiyyə sahəsinin qazandığı nailiyyətlərdən bəhs etdi.
Akademik Ə.Əmiraslanov ATU-nin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ilk beynəlxalq konfrans olduğunu nəzərə çatdıraraq, konqresin işinə uğurlar arzuladı. Sonra Tələbə Elmi Cəmiyyəti adından rektor Əhliman Əmiraslanova təşəkkür plaketi təqdim olundu.
Konqresin qonaqlarından İstanbul Universitetinin professoru, Tibb Təhsili və Araşdırmaları Mərkəzinin rəhbəri professor Cavit Avci, Rusiyanın Tümen Universitetinin təmsilçisi professor Vitali Bıçkov da Azərbaycan, ölkəmizdəki təhsilin səviyyəsi ilə bağlı fikirlərini bölüşdülər.
Açılış mərasimindən sonra ATU tələbələrinin ifasında klassik musiqi nümunələri səsləndi. Fasilədən sonra konqres işinə start verdi. Tədbirin ilk sessiyasında "Laproskopik üsulla yırtıqların müalicəsi", "Yoğun bağırsaqda bədxassəli şişlər", "2014-cü ildə ateroskleroz" kimi mövzularla əlaqədar mühazirələr səsləndi.
Tələbələr və Gənc Həkimlər üçün "I Beynəlxalq Tibb Konqresi 2 gün davam edəcək. Bu tədbirə dünyanın bir çox ölkələrindən gənc həkimlər və tibb ixtisası üzrə təhsil alan tələbələr qatılıb. Toplantıda tibb sahəsində yeni nailiyyətlər, aparılan son tədqiqatlar haqqında məlumat veriləcək. "Laproskopik üsulla yırtıqların müalicəsi", "Yoğun bağırsaqda bədxassəli şişlər", "2014-cü ildə ateroskleroz" kimi mövzularla əlaqədar mühazirələr səslənəcək.