Sərəncama əsasən, ulu öndərin 90 illik yubileyi müxtəlif formada, dövlət səviyyəsində qeyd olunacaqdır.
Bu silsilə tədbirlər planı üzrə aprelin 6-da ATU-nun bütün fakültələri daxil olmaqla yüzə yaxın tələbəsi arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda inşa müsabiqəsi keçirilmişdir.
Müsabiqəni giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, dinamik inkişafında, beynəlxalq aləmdə ölkəmizin imicinin formalaşdırılmasındakı misilsiz xidmətlərindən bəhs etdi. Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilmişdir. S.Əliyev ölkəmizdə gənclər siyasətinin əsasının bu dahi şəxsiyyət tərəfindən qoyulduğunu, gənclərin vətəndaş kimi formalaşmasına və onların təhsilinə daim böyük önəm verdiyini, ulu öndərin bütün sahələrlə yanaşı, elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirdiyini söylədi. Heydər Əliyevin gələcək müstəqil Azərbaycanın sosial- siyasi və ideoloji əsaslarını və prinsiplərini hələ totalitar sovet rejimi dövründə işləyib hazırladığını xatırlatdı. Natiq bildirdi ki, bu gün də umummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərə böyük diqqət və qayğı göstərilir. Onların Respublikamızda və xaricdə təhsil almalarına, cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərmələrinə hər cür imkan yaradılır.
Tədbirdə çıxış edən tarix kafedrasının müdiri, professor Fəxrəddin Məmmədov dedi ki, XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli dirçəliş və tərəqqi, ölkədə milli birliyin yaranması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin həyat və fəaliyyəti, siyasi irsi, azərbaycançılıq ideologiyası hər bir vətənpərvər gənc üçün böyük məktəb olmalıdır. Tədbirin əhəmiyyətindən danışan natiq inşa müsabiqəsinin qloballaşan dünyaya sürətlə inteqrasiya edən ölkəmizin gələcəyi olan gənclərin ixtisaslı kadr kimi yetişmələri ilə yanaşı, vətənpərvərlik ruhunda tərbiyə olunmaları baxımından da əhəmiyyətiyini qeyd etdi.
Tədbirdə fakültə dekanları, universitetin ictimai fənlərinin kafedra müdirləri və müəllimləri iştirak edirdilər.