Türkiyəli alim ATU-da təlim kurslari keçmişdir
Türkiyənin Ege universitetinin Tibb fakültəsinin tibb təhsili kafedrasının müdiri, Dr.professor Xalil İbrahim Durak aprelin 8-dən 12-dək universitetimizin bir qrup müəllimlərinə "Kliniki təhsil və bacarıqlarının qiymətləndirilməsi" mövzusunda təlim kursları keçmişdir.
Türkiyəli alimi müəllimlərimizə təqdim edən universitetin tədris- metodik innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov bildirdi ki, doktor İbrahim Durak ikinci dəfədir ki, universitetimizdə olur, tədrisin keyfiyyətinin yüksəldilməsi mövzusunda mühazirələr edir. Turkiyəli alim beş gün ərzində apardığı təlim kurslarında tibb universitetinin müəllimlərinə klinik fənlərin tədrisi, klinik bacarığın qiymətləndirilməsi məsələlərini şərh etmiş, bu sahədə çalışan müəllimlərə işlərini necə qurmaları üçün dəyərli məsləhətlər vermişdir.
Hörmətli qonağı ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov qəbul edərək təhsil islahatları sahəsində onun əməkdaşlarımıza göstərdiyi köməkliyi yüksək qiymətləndirmiş və bu cür görüşlərin gələcəkdə də davam etdirilməsinın zəruri olduğunu vurğulamışdır. Səhiyyə nazirliyinin "Səhiyyə Sahəsində İslahatlar" layihəsinin nümayəndələrinin də iştirak etdiyi bu görüşdə ATU-da "Tədris bacarıqları" laboratoriyasının yaradılması və fəaliyyəti barədə də fikir mübadiləsi aparilmışdır.
Akademik Əhliman Əmiraslanov və professor İbrahim Durak tikintisi tamamlanmaqda olan Tədris-Cərrahiyyə Klinikasına gəlmiş, burada yaradılacaq "Tədris bacarıqları" laboratoriyasının yeri ilə maraqlanmışlar.