Çin Tibb Universitetinin təşkilatçılığı və rəhbərliyi ilə “Bir Kəmər, Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı”nın (The Belt and Road International Medical Education Alliance) İdarə Heyətinin 5-ci illik yığıncağı keçirilib. Görüşdə BRIMEA-nın sədri, ÇTU-nun prezidenti, professor Deliang Wen çıxış edərək yığıncağın gündəliyi, təşkilatın gördüyü işlər və gələcək planları haqqında geniş məlumat verib.
İclasda Çin ilə yanaşı, Qazaxıstan, Pakistan və Özbəkistandan olan 10 ali təhsil müəssisəsinin BRIMEA-ya üzvlük məsələsi müzakirə olunub və təsdiqlənib.
İdarə Heyətinin iclasından sonra Ali tibb təhsili üzrə 5-ci Beynəlxalq Forum da baş tutub. Bu toplantı Çin Tibb Universitetinin Beynəlxalq Tibb Təhsili və Elmi-Tədqiqat İnstitutunun 40 illik yubileyinə həsr olunub. Tədbirin açılış mərasimində beynəlxalq forumun əvvəlki illərdə keçirilmiş iclaslarının xülasəsini, həmçinin ATU rektoru, professor Gəray Gəraybəylinin də daxil olduğu üzv qurumların rəhbərlərinin yubiley münasibətilə səsləndirdikləri təbrik nitqlərini əks etdirən videoçarx nümayiş olunub. Sonra müxtəlif universitetlərin və beynəlxalq təhsil qurumlarının rəhbərləri təbrik nitqləri ilə çıxış ediblər.
Üç sessiya ilə davam edən forumun işində ÇXR, ABŞ, Türkiyə, Pakistan, CAR, Qazaxıstan, Filippin, Rumıniya və Qırğızıstandan olan mütəxəssislərin tibb təhsilinin müxtəlif problemlərinə aid məruzələri dinlənilib. Onlayn formatda keçirilən görüşdə Azərbaycan Tibb Universitetini beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov təmsil edib. O həm də forumun 3-cü sessiyasının həmsədri olub. Forumda ATU-nun tibb təhsili və innovasiya şöbəsinin müdiri Aynur Orucova da iştirak edib.