Tanınmış neyrocərrah, ATU-nun Neyrocərrahiyyə kafedrasının müdiri, dosent Rövşən Xəlilzadənin növbəti əməliyyatı kifayət qədər riskli idi. Bu haqda məlumat verən həkim deyir:
“Əməliyyata aldığımız xəstə 52 yaşlı qadındır. Bu əməliyyatın adı transnazal endoskopik hipofiz adenomasının xaric edilməsidir. Qadında hipofizin adenoması klinik radioloji müayinələr nəticəsində təsbit olunub. İndi isə bizim endoskopik transnazal üsulla, yəni burundan girməklə adenomanı xaric eləmək kimi bir məqsədimiz var. Əlbəttə ki, bu özünəməxsus riskləri olan əməliyyatdır. Əməliyyatın davametmə müddəti hardasa 2-3 saatdır. Bu xəstəlik bütün yaş qruplarında, o cümlədən gənc insanlarda da yarana bilir. Sadəcə olaraq, bu xəstəyə gec diaqnoz qoyulub. Yəni, xəstə bizə gəlib çıxana qədər onun burunu və burun ətrafları bir qədər böyüyüb. Onu da bildirim ki, bu xəstə səkkiz il qabaq müxtəlif mütəxəssislər tərəfindən bir sıra müalicələr alıb, lakin faydası olmayıb. Nəhayət, biz xəstəni müayinə edərkən onda hipofizin adenomasını aşkarlamışıq və əməliyyat olunmasını təklif etmişik”.
Xəstənin gələcək sağlıq durumundan danışan həkim qeyd edib ki, o, əməliyyatdan sonra endokrinoloqun nəzarəti altında saxlanmalıdır.