Bu gün ATU-nun böyük akt zalında Türkiyə və Azərbaycan məhkəmə-tibb ekspertlərinin və patoloqanatomlarının Radio və Televiziya Üst Qurumu (RTÜK), TURAZ Elmi Birliyi, İnönü Universiteti və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Şiddət və media” mövzusunda III konfransı öz işinə başlayıb.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi anılıb və hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tədbir iştirakçılarını salamlayaraq türkiyəli həmkarlarını Azərbaycanda - öz vətənlərində görməkdən məmnunluğunu bildirib.
COVID-19 pandemiyası səbəbindən bütün dünyada bir çox tədbirlərin təxirə salındığını və ya formatının dəyişdirildiyini xatırladan rektor qeyd edib ki, aktiv vaksinasiya işlərinin aparılması artıq öz nəticəsini göstərməkdədir: "Hal-hazırda karantin rejimi tədbirlərinin əhəmiyyətli dərəcədə yumşaldılması bizə də imkan verdi ki, III konfransımızı keçirək. Məlum olduğu kimi, III beynəlxalq elmi-praktik konfransın hələ 2020-ci ilin sentyabr ayında Bakıda keçirilməsi qərara alınmışdı. Lakin COVID-19 pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salındı.
Bu konfrans hibrid formatda, yəni həm offline, həm də online olaraq Azərbaycan Tibb Universitetinin konfrans zallarında, auditoriyalarında keçiriləcək. Tədbirdə iştirak etmək üçün qardaş Türkiyədən 100 nəfərlik heyət Bakıya gəlib. Əlavə olaraq Türkiyə və digər xarici ölkələrdən yüzlərlə iştirakçı da internet üzərindən konfransa qatılıb".
İlk konfransın 2016-cı ilin oktyabr ayında Bakıda, II konfransın isə 2018-ci ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində baş tutduğunu xatırladan rektor, III konfransın da yüksək səviyyədə keçiriləcəyinə əmnliyini vurğulayıb: "Hazirki konfrasın işində Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya və Məhkəmə təbabəti kafedralarının, Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Birliyinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Müdafiə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya Mərkəzinin, Daxili İşlər Nazirliyinin Kriminalistika İdarəsinin və digər qurumların nümayəndələri, o cümlədən Türkiyə və Azərbaycandan çoxlu sayda media təmsilçiləri iştirak edirlər.
Bildiyimiz kimi, Azərbaycan və Türkiyə səhiyyə qurumları arasında uzun illərə söykənən möhkəm əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin təcrübəli həkimləri daim yanımızda oldu, bizimlə birlikdə qazilərimizin sağlamlıqlarına qovuşması üçün əllərindən gələni əsirgəmədilər. Biz bunu çox yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Biz böyük qələbəni birlikdə qazandıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".
Azərbaycan Tibb Universitetinin Türkiyə ali təhsil ocaqları ilə geniş əlaqələrindən də söhbət açan professor Gəray Gəraybəyli 30-a yaxın universitetlə əməkdaşlıq protokollarının imzalandığını diqqətə çatdırıb: "Bu protokollar çərçivəsində tələbələrimiz mütəmadi olaraq Türkiyədə qısa və uzun müddətli praktikalar keçirlər. O cümlədən diplomların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır. Həmçinin Azərbaycan Tibb Universiteti hər zaman Türkiyədən olan tələbələrin çoxluğu ilə fərqlənib. Hazırda ATU-da baza ali təhsil və rezidentura səviyyəsində 800 nəfər Türkiyə vətəndaşı təhsil alır. Əminəm ki, qardaş ölkələrimiz arasındakı münasibətlər, o cümlədən tibbi sahədəki əməkdaşlıq əlaqələri getdikcə daha da möhkəmlənəcək. Çünki qardaşlıq münasibətlərimiz geridönməz bir prosesdir".
ATU rəhbəri çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev belə canlı tədbirlər üçün qəribsədiklərini deyib. Azərbaycan və Türkiyə arasında mövcud əlaqələrin həmişə yüksək səviyyədə olduğunu bildirən nazir müavini, hələ müstəqilliyimizin ilk illərində yüzlərlə azərbaycanlı həkimin Türkiyədə bilik və bacarıqlarını artırdığını diqqətə çatdırıb. Eyni zamanda COVID-19 pandemiyası ilə əlaqədar və Vətən müharibəsi dövründə də Türkiyə Cümhuriyyətinin öz qardaşlarından dəstəyini əsirgəmədiyini qeyd edib. Nazir müavini hər iki ölkə mütəxəssislərinin bir araya gəldiyi bu konfransın da qarşılıqlı təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva kütləvi informasiya vasitələrini şiddət, zorakılıq halları ilə əlaqədar xəbərlər yayımlayarkən diqqətli olmağa çağırıb. Bildirib ki, məişət zorakılığı, qadın və uşaqlara qarşı şiddətə dair xəbərlər yayımlanarkən hadisə qurbanlarının şərəf və ləyaqəti mütləq nəzərə alınmalıdır.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin bütün sahələrdə əlaqələrin daha da inkişaf etməsinə zəmin yaratdığını vurğulayıb. Səfir konfransın mövzusunun aktuallığını diqqətə çatdıraraq, vətəndaş cəmiyyətinin hər cür şiddətə qarşı mübarizə aparmasının vacibliyini qeyd edib.
RTÜK sədri Ebubekr Şahin və Türkiyə Respublikası Mətbuat Reklam Agentliyinin rəhbəri Rıdvan Duran medianın şiddətə təsirindən və doğru olmayan xəbərlərə görə cərimələrin tətbiqindən danışıblar.
Amasya Universitetinin rektoru Süleyman Elmacı, Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Beynəlxalq TURAZ Akademiyası Konqresinin sədri Osman Celbiş və digər çıxış edənlər mediada yayılan xoşagəlməz və zorakılığa təşviq edən xəbərlərin cəmiyyətə mənfi təsirindən söhbət açıblar.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, ATU-nun Patoloji anatomiya kafedrasının müdiri, professor Ədalət Həsənov isə çıxışında ölkəmizdə məhkəmə təbabəti üzrə keçirilən konfransın tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, konfransda məhkəmə təbabəti və patoloji anatomiyaya dair elmi-tədqiqat işlərinin nəticələri ilə yanaşı, mütəxəssis mübadiləsi məsələləri də müzakirə olunacaq.
Konfrans işini panel sessiyaları ilə davam etdirib. Panel sessiyalarında 3 gün müddətində türkiyəli və yerli mütəxəssislərin məhkəmə tibbi ekspertiza və patoloji anatomiyaya dair ən aktual problemlər və bu sahədə tətbiq edilən son metodlarla bağlı məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq.