Qazilərə həsr olunmuş kitab işıq üzü görüb

ATU-nun Tədris Cərrahiyyə Klinikasının əməkdaşı, şairə Sara Şərifovanın (Sara Göyçəli) “Qazilər. Qorxunu qorxudanlar, ölümü öldürənlər” kitabı “Elm və təhsil” nəşriyyatında nəfis formatda çapdan çıxıb. Kitab Vətən müharibəsində iştirak edən vətənpərvər, qorxmaz, ölümün gözünə dik baxan rəşadətli övladlarımızın şərəfli döyüş yoluna həsr edilib.

64 cəsur qəhrəmanın igidlik salnaməsini özündə əks etdirən bu kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür. Kitabın əsas məziyyətlərdən biri odur ki, müəllif Tədris Cərrahiyyə Klinikasında müalicə olunan bir qrup qaziylə ayrı-ayrılıqda görüşüb və onların hünər dolu döyüş yolunu, konkret səhnələri öz dillərindən oxuculara çatdırır. Müxtəlif döyüş bölgələrində sücaət göstərən igidlərimizin el-obasına bağlılığı, vətənə sevgisi, xalqa məhəbbəti və eləcə də düşmənə nifrəti kitabın əsas leytmotivini təşkil edir. Burada, həmçinin qazilərin boya-başa çatdığı doğma yerlər, təhsil aldıqları məktəblər, fəaliyyət göstərdikləri peşə sahələri və eləcə də ailələri barədə yetərli məlumatlar öz əksini tapıb. Bütün bunlarla yanaşı, qazilərin cəbhə təəssüratlarını da qələmə alan müəllif, onların nə qədər ağır olsa da, şəhidlik zirvəsinə ucalan döyüş yoldaşları haqqında kövrək xatirələrinə də xüsusi yer ayırıb.

Kitabın giriş hissəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin “Əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetirib. Elə gənc nəsil yetişdi ki, torpaqlarımızı düşmənin əlindən aldı” məşhur kəlamını xatırladan S.Şərifova, ölkə başçısının qaziləri Vətən müharibəsində göstərdikləri igidliklərə görə təltif etdiyi orden-medallar, mükafatlar haqqında da geniş məlumatlar verib.

Kitabın diqqət çəkən bölmələrindən biri yaralı döyüşçülərin sağlamlığının keşiyində dayanan fədakar həkimlərimizin əməyi və əldə olunan müsbət nəticələr haqdadır. Müəllif həmin ağır günlərdə Tədris Cərrahiyyə Klinikasının tibbi personalının qazilərimizin sağlamlığı üçün var gücü ilə çalışdığını vurğulayaraq, onların həkimlər barədə xoş sözlərini qələmə alıb.

Qeyd edək ki, “Qazilər” kitabının bu günlərdə Şəhidlər Xiyabanında təqdimat mərasimi keçirilib. Daha sonra geniş tədbir təşkil olunub. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev çıxış edərək, ölkəmizdə şəhid ailələri və qazilərə olan böyük hörmət və ehtiramdan, dövlət qayğısından söhbət açıb.

Tədbirdə iştirak edənlərə minnətdarlığını çatdıran müəllif qazilərə kitab hədiyyə edib. Sara Göyçəliyə isə Vətən Müharıbəsi Veteranları İctimai Birliyinin xatirə medalı təqdim olunub.