Oxu zalları səs-küylü tələbələr üçün darıxıb

Pandemiya dövründə ölkəmizin bütün ali məktəblərində olduğu kimi, Azərbaycan Tibb Universitetində də dərslər onlayn qaydada keçirildi. Yalnız 2021-ci ilin yaz semestrində Nazirlər Kabinetinin müvafiq qərarı və Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq 3, 4, 5 və 6-cı kurslarda ənənəvi əyani dərslər bərpa olundu. 1 və 2-ci kurslarda isə dərslər yenə onlayn davam etdirildi. Həkim-müəllimlərin fikri və aparılan müşahidələr göstərir ki, tələbələr ənənəvi dərslərin üstünlüyünü yüksək qiymətləndirirlər.

Bu dövrdə ATU-nun Əsaslı Kitabxanası tələbələrin dərs yükünün ağırlığını nəzərə alaraq, universitet rəhbərliyinin tövsiyə və göstərişləri əsasında onların dərsliklərlə təmin olunmasına çalışmışdır. Sıxlıq yaranmasın deyə, əvvəlcədən onlayn qeydiyyat aparılmış, hər tələbə əvvəlcədən kitabxanadan istifadə edəcəyi gün və saat haqqında məlumatlandırılmışdır. Təbii ki, pandemiya ilə əlaqədar olaraq oxu zalları fəaliyyət göstərmir (bir çox tələbələrin bununla əlaqədar arzusunu hələ ki gerçəkləşdirmək mümkün deyil). Ancaq tələbələrin kursa və semestrə uyğun olaraq ədəbiyyatla təminatı mütəşəkkil şəkildə, epidemioloji durum nəzərə alınaraq yerinə yetirilmişdir. Eyni zamanda əməkdaşların - həkimlərimizin kitabxanadan istifadə etmələri üçün münasib şərait yaradılmışdır. ATU-nun rektoru, professor  Gəray Gəraybəylinin tələbələrə olan qayğısının nəticəsidir ki, bu dövrdə də onların dərsliklərlə təminatına və eləcə də kitabxanaya yeni ədəbiyyat alınmasına xüsusi diqqət yetirilmişdir. 

Biz kitabxana əməkdaşları ümidvarıq ki, tezliklə həyat öz axarına dönəcək, epidemioloji durum sabitləşəcək. Nəticədə dərslər yenə əvvəlki qaydada keçiriləcək və səs-küyləri üçün darıxdığımız sevimli tələbələrimiz doğma oxu zallarına dönəcəklər.

 

Ziyafət Eminova 

ATU-nun Əsaslı Kitabxanasının direktoru