Bu günlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Otorinolarinqologiya üzrə beynəlxalq miqyaslı qurultay baş tutub. Qeyd edək ki, bu qurultaylar 5 ildə bir dəfə keçirilir.
Bu dəfəki qurultaya Avropa və Asiya ölkələrindən, o cümlədən MDB ölkələrindən nümayəndələr qatılıblar. Ölkəmizi qurultayda Professor Vəfa Pənahian, tibb elmləri doktorları Fuad Qaraqurbanlı, Kamil Yusifov, polkovnik Elnur Əkbərov və onlayn formatda Ramil Həşimli təmsil ediblər. Qurultayın açılışında Azərbaycan nümayəndə heyəti adından çıxış etmək üçün ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahiana söz verilib. Azərbaycanlı mütəxəssislərin əməkdaşlığa həmişə hazır olduğunu bildirən professor, ölkəmizdə otorinolarinqologiya sahəsində qazanılan uğurları qurultay iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda respublikamızın adından Qarabağ xalçası qurultaya təqdim olunub.
Qurultayda Azərbaycanlı alimlərin 4 elmi məruzəsi dinlənilib və təmsilçilərimiz elmi müzakirələrdə 3 dəfə moderatorluq ediblər.
Yüksək səviyyədə təşkil edilən otorinolarinqoloqların XX qurultayında ayrı-ayrı ölkələrin mütəxəssislərinin məruzələri də maraqla qarşılanıb və bütün iştirakçılar üçün səmərəli olub.