Azərbaycanlı alimin məruzəsi seçilmiş elmi işlərin siyahısına daxil edilib

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Cəmiyyətinin (İSAPS) 50-ci yubiley konfransı keçirilib. Ötən əsrin 70-ci ilində yaradılan cəmiyyətin yubiley tədbiri 2020-ci ildə keçirilməli idi. Ancaq bütün dünyanı əhatə edən pandemiya səbəbindən yubiley konfransı təxirə salınmışdı.

 

Bu il isə idarə heyəti konfransı hibrid formatda keçirməyi qərara almışdı. Konfransın işinə həm canlı, həm də onlayn formatda Azərbaycan alimləri də qatılıblar.

Beynalxalq konfransa canlı qatılan Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova "Antropometrik müayinəsinin və xeylorinoplastikasının protokolu" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə anadangəlmə qüsurların aradan qaldırlması metodlarına yeni yanaşmalar da öz əksini tapıb və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Azərbaycanlı alim məruzədə toxunulan məsələlərə dair sualları da cavablandırıb. N.Sultanovanın sözlərinə görə, dünyanın müxtəlif ölkələrini təmsil edən plastik cərrahlar konfransa 3000-dən çox elmi iş göndəriblər. Həmin elmi işlərdən yalnız 240-ı seçilib və seçilmiş elmi işlərin siyahısına onun məruzəsi də daxil edilib.

N.Sultanova 95 olkədən 1500 nəfərin canlı, 3000 nəfərin isə virtual formatda qoşulduğu konfransda müxtəlif sərgilərin təşkil olunduğunu, dünyanın məşhur plastik cərrahlarının master klaslar keçdiyini, xüsusi ayrılmış zalda 3 gün müddətində canlı əməliyyatlar aparıldığını bildirib. Qeyd edib ki, bu, pandemiya başlayandan indiyədək kecirilən ən böyük canlı tibbi konfrans idi.