ATU İLƏ İSTİNYE UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI

“Biz daim Türkiyənin hərtərəfli dəstəyini hiss etmişik. Lakin 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin yanımızda olması, Azərbaycanın haqq işini dəstəkləməsi xüsusilə qürurverici oldu. Həmin dövrdə əməkdaşlıq etdiyimiz Türkiyə universitetlərindən və sıravi vətəndaşlardan, Türkiyədə olan məzunlarımızdan onlarla dəstək məktubları alırdıq. Bu hər birimiz üçün çox böyük mənəvi dəstək oldu”.
Bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli İstinye Universitetinin rektoru, professor Erdal Karaözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib. Türkiyə-Azərbaycan birliyinin tarixi köklərə malik olduğunu qeyd edən rektor G.Gəraybəyli ATU-nun beynəlxalq əməkdaşlıq layihələrində də qardaş ölkənin böyük yer tutduğunu vurğulayıb. Bildirib ki, ATU Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq edir, müxtəlif istiqamətlərdə ortaq layihələr icra olunur. Professor G.Gəraybəyli ikili diplom proqramının icrası, həmçinin tədris proqramındakı dəyişikliklər barədə də qonaqlara məlumat verib.
İstinye Universitetinin rektoru, professor Erdal Karaöz Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu qeyd edərək, bu münasibətlərin təhsil və tibb sahəsində də yüksələn xətlə davam etdiyini bildirib. Rektorun verdiyi məlumata görə, İstinye Universiteti 2015-ci ildə “21-ci Yüzyıl Anadolu” Vəqfi tərəfindən yaradılıb. 9 fakültə, 2 kollec və 3 institutu özündə birləşdirən universitetin rəhbəri ATU ilə birgə əməkdaşlığın təməlini təşkil edəcək məsələlər barədə təkliflərini səsləndrib.
Görüşdə iki universitet arasında əməkdaşlıq perspektivləri, tələbələrin inkişafına yönəlik layihələr, akademik heyət tərəfindən keçiriləcək qarşılıqlı master klasslar və s. haqqında geniş müzakirələr aparılıb.
Sonda Azərbaycan Tibb Universiteti ilə İstinye Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, LIV Hospitalının Azərbaycan üzrə koordinatoru Afaq Əliyeva, dr. Tural iştirak ediblər.
Daha sonra rektor Erdal Karaöz ATU-nun Tədris Cərrahiyyə Klinikasında "Laboratoriyadan klinikə doğru kök hüceyrə uyğulamaları" mövzusunda mühazirə ilə çıxış edib.