5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Beynəlxalq Müəllimlər Günü həyatını insanların işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd olunur.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Missiyası öyrətmək olan müəllimlərə ən qədim zamanlardan dünyanın hər yerində, bütün cəmiyyətlərdə yüksək hörmət qoyulub. Bu peşənin müqəddəsliyini, digərlərindən üstünlüyünü göstərmək üçün bircə məqamı yada salmaq kifayət edər: Bütün görkəmli şəxsiyyətlərin, alimlərin, nəhəng biznesmenlərin hamısının uğur təməlinin əsasında müəllim dayanır! Hərflərdən tutmuş ən mürəkkəb elmi məsələlərədək hər şeyi öyrədən müəllimdir, ən kiçik ixtiralardan kosmosdakı uğurlaradək hər bir nailiyyətin arxasında müəllim var! Müəllim həm də özündən sonrakı müəllimin müəllimidir. Siz gələcək şəxsiyyətə biliklərlə yanaşı, həm də tərbiyə, dünyagörüşü, əxlaq aşılayan şəxslərsiniz.
Tibb təhsili ilə məşğul olan müəssisələrdə tədris prosesi ikiqat önəmlidir. Çünki burada ən şərəfli, ən məsuliyyətli iki peşənin vəhdəti var. Məsələn, Azərbaycan Tibb Universitetinin müəllimləri gələcəyin həkimlərini yetişdirirlər. Müəllim öyrədən, şəxsiyyət formalaşdırandırsa, həkim də müalicə edən, həyat verəndir! Məhz bu məqam bizim cəmiyyət qarşısında, hətta əcnəbi tələbələrimizi nəzərə alsaq, bütün dünya qarşısında nə qədər vacib və nə qədər məsuliyyətli bir fəaliyyət göstərdiyimizi ortaya qoyur.
Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində həmişə müəllimlərə xüsusi münasibət, xüsusi sevgi olmuşdur və bu gün də var.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın liderliyi ilə dövlətimizin müəllimlərin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasına böyük diqqət və qayğısını görürük. Bunun nəticəsidir ki, müəllim peşəsini seçən abituriyentlərin sayı bu gün yüksək rəqəmlərlə ifadə olunur.
Müəllimlərin fəaliyyətinin nəticəsini biz 44 günlük Vətən müharibəsində də gördük. Məhz onların vətənpərvər, yurda bağlı ruhda tərbiyə etdiyi gənclərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında sonsuz inamla öz canları və qanları bahasına 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdilər.
Universitetimizin tədrislə məşğul olan bütün əməkdaşlarını bayram münasibətilə təbrik edir, uğurlar arzulayıram! Müəllim özünü yandırmaqla başqalarına işıq verən çırağa bənzəyir. Arzu edirəm ki, işığınız həmişə gur olsun!