ATU-nun professor-müəllim heyəti şahmat yarışında gücünü sınayıb

ATU-nun idman kompleksində “Müəllimlər günü"nə həsr olunmuş şahmat turniri keçirilib. Universitetin professor-müəllim heyəti arasında keçirilən yarışa ayrı-ayrı kafedraların əməkdaşları qatılıblar. Kişilərdən ibarət komandada 20 nəfər, qadınlardan ibarət komandada isə 8 nəfər mübarizə aparıb. Turnirin sonunda qaliblər müəyyənləşib.

Kişilər arasında mübarizədə Tibbi biologiya kafedrasının baş müəllimi Ramin Həşimov I, Hərbi cərrahiyyə kafedrasının müəllimi Asif Əhmədov II, Psixiatriya kafedrasının baş laborantı Ziyadxan Abdullayev və “Təbib” idman klubunun professoru Zakir Məmmədov III yerə layiq görülüblər. Qadınlar arasında mübarizədə isə Mikrobiologiya və tibbi immunologiya kafedrasının baş laborantı Günel Əliyeva I, Əczaçılıq kimyası kafedrasının assistenti Könül Ağamirzəyeva II, Normal fiziologiya kafedrasinin assistenti Aysel Həşimova və “Təbib” idman klubunun məşqçi müəllimi Aybəniz Əliyeva III yeri tutublar.

Yarışlar bitdikdən sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini anaraq, ATU-nun şəhid məzunlarının şərəfinə qurulmuş abidənin önünə güllər düzüblər. Mükafatlandırma mərasimində çıxış edən “Təbib” idman klubunun sədri Qələndər Aslanov professor-müəllim heyəti arasında müxtəlif idman növləri üzrə yarışların təşkilinə həmişə xüsusi önəm verildiyini bildirib.

Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov əməkdaşlarımızın bu yarışlarda həvəslə iştirak etməsini yüksək qiymətləndirərək qalibləri təbrik edib və onların hər birinə uğurlar arzulayıb.

Sonda qaliblər medal və diplomlarla təltif ediliblər. Birinci yerin sahiblərinə xüsusi hədiyyələr də təqdim olunub.