ATU rəhbərliyi ilə keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.
“Alman-Azərbaycan Tibb işçiləri birliyi”nin (Deutsch Aserbaidschanische Mediziner Verband – DAMV) idarə heyətinin üzvü Surəddin İsmayıl ATU-da olub. O, universitetin rektoru, professor Gəray Gəraybəyli və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Orxan İsayevlə görüşlər keçirib.
S.İsmayıl planlaşdırılan və artıq həyata keçirilmiş layihələrlə bağlı məlumat verib, gələcək əməkdaşlığın detalları müzakirə olunub. Nəticədə, yaxın aylarda DAMV ilə ATU arasında memorandumun imzalanmasına dair şifahi razılıq əldə edilib.
Qeyd edək ki, Almaniyada çalışan bir qrup həkim soydaşımız tərəfindən Vətənə dəstək məqsədilə yaradılmış DAMV 2021-ci ilin yanvar ayında Almaniya Federativ Respublikasında rəsmi olaraq qeydiyyatdan keçib. Dərnəyin hədəfləri Azərbaycanı Almaniyada, eləcə də beynəlxalq səviyyədə layiqincə təmsil etmək, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə vermək, Azərbaycanda səhiyyə xidmətlərinin inkişafına dəstək üçün müxtəlif qarşılıqlı təlimlərin, elmi müzakirələrin təşkil olunmasıdır.
Bu istiqamətlərdə artıq bir neçə layihə həyata keçirilib. Bu layihələrdən olan “Kitabçı”nın isə ATU-nun məzunları olan, hazırda Almaniyada fəaliyyət göstərən dərnək üzvləri üçün mənəvi tərəfi də var. Layihə ATU-nun Əsaslı kitabxanasının xarici və yerli, xüsusilə almandilli müasir ədəbiyyatlarla - tibbi kitab və jurnallarla zənginləşdirilməsini özündə ehtiva edir və başda Almaniyada rezidenturaya/ixtisasartırmaya hazırlaşanlar olmaqla, bütün tələbə və rezidentlərimizə kömək üçün nəzərdə tutulub. Layihənin həyata keçirilməsi uzunmüddətlidir və gələcəkdə kitabxanada modernləşdirici maddi-texniki işləri də özündə əks etdirir.
Layihə çərçivəsində S.İsmayıl ATU-nun Əsaslı kitabxanasının direktoru Ziyafət Eminova ilə görüşüb. Almandilli müxtəlif fənn və ixtisas kitablarından (cərrahiyyə, daxili xəstəliklər, farmakologiya, müxtəlif ultrasəs müayinələri, hematoonkologiya və s.) ibarət ilk ianə təhvil verilib. Azərbaycan Tibb Universiteti və Dərnək kitabların toplanmasında yaxından iştirak etmiş Almaniyada çalışan həmkarlara öz minnətdarlığını bildirir.