Pakistan universitetinin rəhbərliyi ilə onlayn görüşdə tədbirə hazırlıq işləri müzakirə olunub
Azərbaycan Tibb Universiteti və Pakistanın Riphah Beynəlxalq Universitetinin (RBU) birgə təşkilatçılığı ilə 2023-cü ilin oktyabr ayında ATU-da tibb təhsili üzrə beynəlxalq konfrans (ICME) keçiriləcək.
ICME beynəlxalq səviyyədə tanınan konfrans olub, əsas missiyası tibb təhsili üzrə dünyanın aparıcı mütəxəssislərini və pedaqoqları bir araya gətirərək, bu sahədəki son yenilikləri və standartları müzakirə etməkdir. Bu beynəlxalq tədbir iki ildən bir keçirilir. Daha öncəki konfranslar Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Türkiyə və İndoneziyada baş tutub.
ATU-da keçiriləcək konfransa hazırlıq işləri ilə əlaqədar olaraq hər iki universitetin işçi qrupunun onlayn görüşü təşkil edilib. Görüşdə ATU tərəfdən rektor, professor Gəray Gəraybəyli, Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Tibbi tədqiqatlar üzrə koordinator Sevil Əsədova, RBU tərəfdən isə rektor Hassan Khan, prorektorun müavini, professor Yavər Hayat, Sağlamlıq və tibb elmləri fakültəsinin dekanı, ICME-nin prezidenti, general Azhar Rashid, Qiymətləndirmə İnstitutunun dekanı, professor Rehan Ahmed, Riphah Elmi-tədqiqat və Təhsil Akademiyasının dekanı, professor Rahila Yasmeen və Akademik işlər üzrə menecer Zia Ullah iştirak edib. Görüşdə konfransın təşkili ilə bağlı müxtəlif xarakterli müzakirələr aparılıb, fəaliyyət planının tərtibi və bu plana uyğun olaraq cari işlərin həyata keçirilməsi qərara alınıb.
Təşkilati işlərin səmərəliliyinin artırılması məqsədilə hər iki universitetin nümayəndə heyətlərinin qarşılıqlı ezam olunmasına razılıq verilib.