ATU-da yeni yaradılan Tibb və sağlamlıq elmləri təhsili kafedrasının əsas fəaliyyət istiqamətlərindən biri tələbələrlə işdirsə, digəri də pedaqoji heyətlə bağlıdır.
Kafedra müdiri Samir Cavadlının sözlərinə görə, pedaqoji peşəkarlığın artırılması əsas amillərdəndir: “Bu istiqamətdə işlərimizə başlamışıq. Müəllimlərimiz tərəfindən mövzular seçilir və bu mövzular üzrə seminarlar keçirilir. Universitet rəhbərliyi ilə görüşdə tövsiyə olundu ki, bu seminarlara kafedra əməkdaşları ilə yanaşı, internet vasitəsilə digər müəllimlərin də qoşulması təmin edilsin. Nəticədə, əhatə dairəsini genişləndirmiş oluruq. Artıq iki seminar keçirmişik”.
Xatırladaq ki, sonuncu seminar kafedranın assistenti Aydan Qədimlinin təqdimatında “Öyrənmə nəzəriyyələri: paradiqmalar və istiqamətlər” mövzusuna həsr olunub.
Məlumat üçün deyək ki, seminarlar 2 həftədən bir olmaqla, cümə günləri saat 14:30-da baş tutacaq, “youtube” üzərindən canlı yayımlanacaq.
S.Cavadlı bildirib ki, ATU-da bu kafedra yaradılarkən Türkiyə universitetlərindən dəstək göstərilib. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti ilə görüşdən sonra onların dəstəyi ilə 9 Eylül, Hacettepe, 19 Mayıs və Ege universitetlərindən gələn müəllimlər təlimlər keçiblər. Kafedrada bu istiqamətdə işlər davam etdirilir.