ATU-nun Hərbi tibb fakültəsinin rezidentura və tibb heyətinin təkmilləşmə kursunda yüksək əzmkarlıq göstərərək hərbi biliklərə yiyələnən, tibb sahəsində ixtisaslaşaraq yeni təyinat alıb ordu sıralarına yollanan məzunlara həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bundan sonra fakültənin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov təhsil aldıqları müddətdə çalışqanlığı, nizam-intizamı, yüksək əxlaqi tərbiyə və mənəvi dəyərləri ilə seçilən məzunları təbrik edib. Bildirib ki, 2022-ci ildə rezidentura təhsilini başa vuran 19 məzunumuz var və onlardan biri Türkiyədə təhsilini davam etdirir.
İxtisaslı həkim olmaları üçün rezidentlərə fakültə tərəfindən hər cür köməklik göstərildiyini söyləyən fakültənin rəisi, Səhiyyə Nazirliyinin aparıcı tibb müəssisələrinin də rezidentlərə dəstək verdiklərini məmnunluqla vurğulayıb. O, rezidentlərə peşəkar mütəxəssislərin təhsil proqramlarına uyğun olaraq dərs keçdiklərini və məhz bu nöqteyi-nəzərdən onların hazırlığının yüksək səviyyədə olduğunu söyləyib. Onu da xatırladıb ki, bundan əvvəlki rezidentlərimiz hazırda Naxçıvan Muxtar Respublikasının xəstəxanalarında və diaqnostika mərkəzində əsgər və zabitlərimiz, onların ailə üzvləri ilə yanaşı, əhalinin digər təbəqələrinə də yüksək səviyyəli tibbi yardım göstərirlər. Polkovnik Ç.Əlləzov hazırlıq səviyyəsinə güvəndikləri rezidentlərin Milli Ordumuzda şərəflə xidmət edəcəklərinə əminliyini bildirərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Milli Müdafiə Universiteti rektorunun tədris işləri üzrə müavini, polkovnik Arzu İsmayılov, Elmi Təhqiqat İnstitutu rektorunun müavini, polkovnik Arif Həsənov və tibb xidməti polkovnik-leytenantı Namiq Əliyev də gənc həkim-rezidentləri Azərbaycan Ordusunda xidmətə başlamaları münasibətilə təbrik edib, onların hər birinə uğurlu fəaliyyət arzulayıblar.
Məzunlar adından çıxış edən tibb xidməti kapitanı Elnur Əliyev bu əlamətdar gündə onlara dəstək olan hər kəsə, xüsusilə də Hərbi tibb fakültəsinin kollektivinə təşəkkürünü bildirib. Qeyd edib ki, həm həkimlik, həm də müəllimlik şərəfli peşədir: “Ancaq hansı peşənin sahibi olursansa-ol, əsas məsələ layiqli vətəndaş olmağı bacarmaqdır. Əgər Hippokrat andı peşə andımız sayılırsa, hərbi and da vətənimizə, millətimizə, dövlətimizə sədaqət andıdır. Tibb xidməti zabiti olsam da, özümü bu gün də, sabah da vətənimin, millətimin əsgəri sayıram. Orduda hərbi həkim kimi xidmət etmək, vətənimə, xalqıma töhfə vermək mənim üçün, bütün həmkarlarım üçün fəxrdir”.
Daha sonra fakültə rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə baş köməkçisi, polkovnik-leytenant Yaqub Qasımov 2021/2022-ci tədris ili üçün yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirmiş şəxslərə müvafiq ixtisaslar üzrə həkim-mütəxəssis ali peşə dərəcəsi və dövlət nümunəli diplomun verilməsi barədə Səhiyyə Nazirliyinin, eləcə də 2022-ci ilin noyabr ayında ATU-nun Hərbi tibb fakültəsinin rezidentura və təkmilləşmə kursunu bitirmiş zabitlərin müvafiq vəzifələrə təyin olunması haqqında Müdafiə Nazirliyinin əmrlərini oxuyub.
Buraxılış mərasimində kursantlar məzunlara təbriklərini musiqi nömrələri və şeir nümunələri ilə çatdırıblar.
Tədbirin sonunda məzunlar 2017-2022-ci il rezidentura təhsili müddətində göstərdikləri xidmətə görə xüsusi təşəkkürnamə ilə mükafatlandırılıblar.