Rektor Gəray Gəraybəyli: Ulu öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bildi
Bu gün Azərbaycan Tibb Universitetində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Azərbaycan xalqının ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində ən böyük şəxsiyyətlərdən biri olduğunu bildirib: “Azərbaycanın 30 ildən artıq bir dövrünün hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun xalqımız, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir. Tarix onun dahiliyini və uzaqgörənliyini hər dəfə təsdiq edir. Keçmiş günlərə nəzər saldıqda, ulu öndərin Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bildiyini görürük. O zaman müxtəlif qüvvələrin təsiri nəticəsində Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü sual altında idi. Məhz Heydər Əliyevin müdaxiləsi, onun yürütdüyü müdrik siyasət nəticəsində bu təhlükələr sovuşdu. Azərbaycan dövlətçiliyi bütün qüvvələrə qalib gəldi”.
Rektor bildirib ki, ulu öndərin fəaliyyətinin hər günü sülhün, insanlığın, demokratiyanın təntənəsinə, inkişafa, abadlığa, firavanlığa xidmət edib: “Bu gün əminliklə, tam qətiyyətlə deyə bilərik ki, ümummilli liderimizin bütün arzuları reallaşmışdır. Ulu öndərin siyasi varisi, Ali Baş Komandanımız, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız düşməndən azad edilmiş, bütün Azərbaycan abadlıq meydanına çevrilmişdir. Ölkəmiz təkcə regionun deyil, bütün dünyanın qabaqcıl və qüdrətli dövlətlərindən biridir. İndi ölkəmizin adı dünyanın ən mötəbər yığıncaqlarında, beynəlxalq tədbirlərdə qürur və ehtiramla çəkilir. Dövlət rəhbərimiz, cənab prezident İlham Əliyevin nüfuzu, misli görünməmiş sərkərdəlik şücaəti və diplomatik qərarları Azərbaycanı ən uca zirvələrə qaldırmışdır”.
Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev çıxış edərək Heydər Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı naminə atdığı addımları xatırladıb: “Elə bir qüdrətli şəxsiyyət idi ki, dünyanın ən böyük siyasətçiləri onunla bir masada oturmağa cəsarət etmirdilər. O, nitqində malik olduğu kamillik və zabitəli xarakteri ilə daim digər dövlət rəhbərlərindən seçilirdi. Ulu öndərin Azərbaycan naminə atdığı möhtəşəm addımlar heç zaman unudulmayacaq”.
Tibbi terminologiya və anatomiya kafedrasının müdiri Anar Abdullayev Heydər Əliyevin hər bir Azərbaycan vətəndaşının ən ülvi hislərini, səmimi sevgisini, məhəbbətini qazanmış dahi şəxsiyyət olduğunu vurğulayıb: “Məhz ulu öndərin sayəsində Azərbaycanın dünya arenasında yeri, mövqeyi addım-addım, qətiyyətlə möhkəmləndirilmişdir. Onun uzaqgörən və məqsədyönlü siyasəti sayəsində müstəqilliyimizin dönməzliyi təmin edilib və Azərbaycan böyük intibah yoluna qədəm qoyub”.
Daha sonra ATU-nun 3-cü kurs tələbəsi Məhəmməd Məmmədov ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O, ulu öndərin gənclərin rifahı üçün yaratdığı imkanlardan, gənc nəslin inkişafına göstərdiyi davamlı qayğıdan söz açıb.
Sonda tədbir iştirakçıları ümummilli liderin zəngin həyat və yaradıcılığını əks etdirən filmi izləyiblər.