ATU-nun I Müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Rəşad Abızadə Gürcüstanın Tbilisi şəhərində "Beynəlxalq multidisiplinar tibb və sağlamlıq elmləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Tələbəmiz "Piylənmədə mədənin selikli qişasının struktur elementlərinin ultrastruktur xarakteristikası" mövzusunda məruzə (ingilis dilində) ilə çıxış edib. Araşdırmanın elmi rəhbəri ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov, t.ü.f.d. Taryel Ömərov və b.ü.f.d Fuad Rzayevdir. Belə ki, piylənmənin cərrahi müalicəsi olan mədənin boylama rezeksiyasında xaric edilmiş rezektatdan nümunələr götürülmüş və Transmission Elektron Mikroskopunda (JEM-1400) tədqiq edilmişdir. Araşdırmalar zamanı parietal hüceyrələrdə baş verən ultrastruktur dəyişikliklər qeyd olunmuşdur. Tədqiqatın nəticəsinə əsasən, nümunələrin 45%-də xroniki qastrit və HCl turşusunun sintezində iştirak edən parietal hüceyrələrin sayında və ölçüsündə iki dəfə artım müşahidə olunmuşdur. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında müzakirə aparılmış, günümüzün əsas problemi olan piylənmə haqqında araşdırmanın elmi və praktiki baxımdan çox vacibliyi vurğulanmışdır.
12 ölkədən - Türkiyə, Ruminiya, Xorvatiya, Serbiya və s. nümayəndələrin qatıldığı tədbir Tbilisi Dövlət Tibb Universiteti, Georgia Science, İKSAD – Türkiyə və World Health İnstitute - Birləşmiş Krallıq tərəfindən təşkil olunub. Konfransda müzakirə edilmiş mövzuların nəticələri müxtəlif beynəlxalq indeksləmə bazalarına daxil olan jurnalda işıq üzü görəcək.
Qeyd edək ki, tədbirin sonunda tələbəmiz beynəlxalq sertifikatla təltif olunub. Tələbəmizin konfransda iştirak xərci Azərbaycan Tibb Universiteti tərəfindən qarşılanıb.