III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib

 

Dekabrın 16-da Azərbaycan Tibb Universitetində III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş “Cərrahi xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar” mövzusunda elmi-praktik beynəlxalq konfrans keçirilib.

Konfransı universitetin Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov açıb. Bildirib ki, Tibb Universiteti 100 illik tarixi ənənənələrə malik ali təhsil müəssisəsidir: “Bu gün təşkil olunan beynəlxalq konfrtans universitetin III Cərrahi xəstəlikləri kafedrasının 100 illiyinə həsr olunub. Hansı ki, bu kafedranın universitetin elmi nailiyyətlər qazanmasında və inkişafında rolu böyük olub. Doğrudur, kafedra fəaliyyətinin 100 illiyini çoxdan qeyd etməli idi. Amma pandemiya dövrünə düşdüyü üçün bir az ləngidi.                                                                     

Kafedra ölkəmizdə tibbi kadrların, o cümlədən məşhur alimlərin, cərrahların yetişməsində müstəsna xidmətlərə malikdir. Adıçəkilən kafedraya 51 il akademik Mustafa Topşubaşov rəhbərlik edib. Məhz onun rəhbərliyi sayəsində Azərbaycanda tanınmış alimlər yetişibdir.                                                                                          

Kafedranın əməkdaşları istər II Dünya, istərsə də I və II Vətən müharibələri dövründə aktiv fəaliyyət göstəriblər. Kafedranın müdiri, professor Fariz Camalov və kafedranın əməkdaşları Vətən müharibəsində ön cəbhəyə yaxın yerləşən hospitallarda yaralılara vaxtında yardım edib, neçə hərbçini həyata qaytarıbdır”.                                      

Prorektor R.Bəylərov  çıxışının sonunda ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından qardaş Türkiyə və Rusiyadan gəlmiş qonaqları, o cümlədən iştirakçıları salamlayaraq, konfransı açıq elan edib.                                                                                                             

III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov da gələn qonaqları salamlayaraq, təşkil olunmuş konfransın əhəmiyyətindən söhbət açıb. Məruzəçilərin cərrahi xəstəliklərlə bağlı aktual məqamlara toxunacağını qeyd edib. 

Adıçəkilən kafedranın dosenti, qocaman alim Şəfa Əliyev kafedranın tarixi barədə konfrans iştirakçılarına geniş məlumat verib. Kafedraya rəhbərlik edənlər və bir yerdə çalışdığı alimlərlə bağlı kövrək xatirələrini dilə gətirib.                                                                                                                

I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, II Cərrahi xəstəliklər kafedrasının müdiri,  professor Rauf Ağayev,  Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev də kafedranın inkişaf tarixindən, etdikləri əməkdaşlıqdan danışıblar.                                                                                                

Türkiyə və Rusiyadan təşrif gətirən qonqalar da ATU ilə etdikləri əməkdaşlıqdan, universitetin yetirmələrindən, elmi-təcrübi mübadilələrdən, əldə olunan nəticələrdən fəxarətlə söhbət açbılar.                           

III Cərrahi xəstəliklər kafedrasının tarixi, fəaliyyəti, keçdiyi yol və nailiyyətlərini əks etdirən sənədli film nümayiş etdirildikdən sonra elmi məruzələrin dinlənilməsinə start verilib.                                                         

Qeyd edək ki, iki gün davam edəcək konfransda cərrahi xəstəliklərin müasir diaqnostikası və müalicə üsulları ilə bağlı maraqlı məqamlara toxunulacaq.