Bu gün Azərbaycan Tibb Universitetində (ATU) qarşıdan gələn imtahan sessiyası ilə əlaqədar olaraq Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev başda olmaqla ali məktəbin rəhbər nümayəndələrinin imtahan nəzarətçiləri ilə görüşü keçirilib.
Görüşdə çıxış edən prorektor S.Əliyev imtahanların qaydasında təşkili və gedişi, tələbələrin biliyinin qiymətləndirilməsində müəllimlərlə bərabər nəzarətçilərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “İmtahanın gedişinə nəzarət etmək çox ciddi işdir və yüksək diqqət tələb edir. Məhz bu baxımdan imtahan nəzarətçilərinin müəyyənləşdirilməsi üçün xüsusi seçim aparılıb. Tələbələrin əldə etdikləri biliyin düzgün qiymətləndirilməsi, imtahan nəticələrinin obyektiv olması məqsədilə son illər universitetdə daha çox işlər görülüb. Bu kollektiv zəhmət tələb edən işin nəticəsinin yüksək səviyyəli olması üçün hər birimiz çalışırıq”. S.Əliyev imtahan prosesində nizam-intizam məsələləri və qaydalara əməl etməyin zəruriliyindən danışaraq qarşıdan gələn imtahan sessiyasının uğurla başa çatacağına əminliyini ifadə edib.
Daha sonra ATU-nun Tədris və təhsildə keyfiyyət şöbəsinin müdiri dosent Kamandar Yaqubov imtahan sessiyası haqqında zəruri məlumatları açıqlayıb. Bu dəfə ATU-da imtahanların 29 dekabr 2022-ci il tarixindən 1 fevral 2023-cü il tarixinə qədər davam edəcəyini bildirib. Üzrlü səbəblərdən imtahana qatıla bilməyənlər üçün isə 3, 6 və 7 Fevral tarixlərində yenidən sınaq təşkil olunacaq. K.Yaqubov imtahan öncəsi və imtahan zamanı nəzarətçilərin səlahiyyətləri ilə bağlı vacib məqamları da nəzərə çatdırıb.
ATU-nun İmtahan Mərkəzinin rəhbəri Ülkər Cəfərova, imtahana nəzarət komissiyasının sədri Pəri İsaqova çıxışlarında imtahana hazırlıq prosesi haqqında danışıblar. Həmçinin, imtahanda iştirak, nəzarətçilərin səlahiyyətləri, baş nəzarətçi və nəzarətçilərin vəzifələri, imtahanın gedişi, imtahanın nəticələrinə etiraz və digər əhəmiyyət kəsb edən məsələlər barəsində nəzarətçilərə geniş məlumat veriblər.
Görüşün sonunda aralıq imtahanlarda fərqlənməyi bacaran imtahan nəzarətçilərinə təşəkkürnamə təqdim olunub.