Türkiyənin Bezmialem Vakıf Universitetinin Tibb fakültəsinin Tibbi biokimya kafedrasının müdiri, professor Abdurrahim Koçyiğit və Anatomiya kafedrasının professoru Mustafa Büyükmumcu Azərbaycan Tibb Universitetinin qonağı olublar.
Qonaqlar ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında olub, kafedra müdiri, dosent Anar Abdullayevlə görüşüblər. Onlara kafedranın tarixi, anatomiya fənninin tədrisinin təşkili və kafedrada aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verilib.
Sonra qonaq professorlar kafedrada fəaliyyət göstərən “İnsan anatomiyası” muzeyini gəzib, muzeydə saxlanılan unikal eksponatlarla yaxından tanış olublar. Türkiyəli professorlar ənənəyə uyğun olaraq, kafedranın qonaq dəftərinə öz ürək sözlərini yazıblar. Qonaqları ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov müşayiət edib. Görüşdə, həmçinin kafedranın əməkdaşları dosent Misir Bayramov və dosent Sədaqət Rüstəmova iştirak ediblər.
Daha sonra qonaqlar ATU-nun Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova ilə görüşüb, tədris və elmi-tədqiqat məsələləri ətrafında fikir mübadiləsi aparıblar.