Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan xarici tələbələr arasında praktiki bilik üzrə yarışma keçirilib. Tədbir ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti təşkilatçılığı ilə baş tutub. Məqsəd aşağı kursda təhsil alan əcnəbi tələbələrin ilkin yardımın göstərilməsi üzrə baza biliklərini yoxlamaq və bu bacarıqları gücləndirməkdən ibarət olub. Müsabiqədə ATU-nun İran, İraq, Hindistan, Efiopiya, Latın Amerika ölkələri, Türkiyə, Afrika, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Fələstin, Pakistan, Sudan, Misir və digər ölkələrdən olan tələbləri iştirak ediblər.
Yarışmadan öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Əminə Cabbarova qurumun fəaliyyəti haqqında tələbələr üçün təqdimat keçirib. Həmçinin, iştirakçılara GFARC tərəfindən beynəlxalq səviyyəli İlkin Tibbi Yardım üzrə protokolları məlumat verilib.
Sonra 6 qrupdan ibarət komandalar arasında yarışma keçirilib. Tələbələr çox vaxt həyatı xilas etməyə səbəb olan bacarıqlar - yaralanmalar və zədə almalar, zəhərlənmələr, günvurma zamanı göstərilən ilkin yardım, ürəyin masajı və s kimi bacarıqları mulyaj və maketlər üzərində nümayiş etdiriblər. Sonda qalib komandaya hədiyyə, müsabiqə iştirakçılarına isə sertifikat təqdim olunub.
Qeyd edək ki, ATU THİK-in sədri Dr Qoşqar İsmayılov, Tədris-Terapevtik Klinikasının Təcili Yardım şöbəsinin müdiri Dr Cavanşir Məhərrəmov, həkim-pediatrı Dr Zərifə Məmmədova və AzQAC-nin İlk Yardım əməkdaşları Dr Şahin Biləndərli və Dr Əminə Cabbarova münsiflər qismində iştirak edərək tələbələrin bacarıqlarını qiymətləndiriblər. Tədbirin təşkilində ATU THİK nəzdində yaradılan “Beynəlxalq Tələbələrin Səsi” (Voice of İnternational Students) birliyinin sədri Rz. Şafa Mohamed də aktiv iştirak edib.