ATU-DA TESTOLOQLARLA GÖRÜŞ OLUB

 

Payız semestrinin qış imtahan sessiyası öncəsi Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin rəhbərliyi ilə universitetin rəhbər nümayəndələrinin testoloqlarla görüşü keçirilib.                

Prorektor S.Əliyev çıxışı zamanı testlərin hazırlanması, tərtibatında kafedraların və testoloqların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:”Onlar testləri elə seçib hazırlamalıdırlar ki, tələbə tesdə qoyulan sualın nədən ibarət olduğunu aydın şəkildə başa düşsün və düzgün cavab verə bilsin. Hər üç dildə hazırlanmış testlər Tədris Proqrama uyğun hazlırlanmalı, anlaşıqlı şəkildə olmalıdır. Təəssüf ki, bu barədə dəfələrlə deyilsə də, hələ də bəzi kafedralarda testin hazırlanması və tərtibində qüsurlar qalmaqdadır. Bu da istər-istəməz tələbələrin haqlı olaraq Apellyasiya Komissiyasına şikayət etməsinə yola açır”.                                                                                                     

Prorektor bu semestrdə belə qüsurların bir daha təkrarlanmayacağına, kafedraların bu barədə nəticə çıxaracağına əminliyini bildirib, tədbir iştirakçılarına bir sıra lazımi məsləhətlərini veribdir.                                             

ATU-nun Tədris və təhsildə keyfiyyət şöbəsinin müdiri, dosent Kamandar Yaqubov da imtahanların yüksək səviyyədə təşkilində testoloqların üzərinə düşən məsuliyyətdən söhbət açıb. Testlərin tərtibi və hazırlanması ilə bağlı bəzi təkliflərini səsləndirib. Müalicə-profilaktika və Stomatologiya fakültələrində təhsil alan tələbələrin sayının çox olması ilə əlaqədar eyni fəndən imtahanların bir gündə başa çatdırılmasının mümkünsüzlüyünü bildirib. Bu səbəbdən imtahana daxil olan növbəti partiyalara təkrar suallar düşnməsin deyə, test bankına açıq və qapalı sualların çox salınmasını tövsiyə edib.                                                              

ATU-nun İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova semrstr imtahanlarının bu ilin dekabrın 29-dan başlayacağını və gələn il fevralın 1-dək davam edəcəyini bildirib. O da çıxışı zamanı bəzi kafedraların testlərin hazırlanması və tərtibinə məsuliyyətlə yanaşmadığını və bu səbəbdən də bəzi problemlərlə üzləşdiklərini qeyd edib. Bəzi təkliflərlə çıxış edən Ü.Cəfərova imtahana hazırlıqla bağlı məlumat verərək, İmtahan Mərkəzinin imtahanların keçirilməsinə tam şəkildə hazır olduğunu bildirib.