Dekabrın 21-də ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən teatr klubunun hazırladığı "4 divar arasında" tamaşası səhnəyə qoyulub. Dilbər Rahimin ssenari müəllifliyi və rejissorluğu ilə məişət-psixoloji janrda səhnələşdirilən tamaşanın bədii rəhbəri Elbəy Cabbarlı, köməkçi rejissoru Zəhra Həsənli, işıq rejissoru Zəhra İbrahimova və səs rejissoru Rahil Əhmədovdur.
Tamaşa öncəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov və "Təbib" idman klubunun sədri Qələndər Aslanov çıxış edərək teatr klubunun komandasına, həmçinin kütləvi tədbirlərin daimi aparıcısı Əli Əliyevə təşəkkürlərini bildiriblər. Tamaşanın anşlaqla keçməsini tələbələrin öz dostlarına, onların zəhmətinə verdikləri qiymətin göstəricisi kimi dəyərləndirərək, yaradıcı heyətə uğurlar arzulayıblar.
Bundan sonra müəyyən problemlərin tamaşaçılarla birlikdə həllinə fokuslanan
tamaşanın premyerasına başlanılıb.
Emin Sabitoğlunun bəstələri ilə müşayiət olunan tamaşa müxtəlif vaxtlarda birotaqlı evə köçən 4 fərqli ailədə cərəyan edən hadisələrdən bəhs edir. Tamaşanın məqsədi ayrı-ayrı psixioloji vəziyyətlərdə, eləcə də məişətdə qarşılaşdığımız qadın-kişi münasibətlərinin və digər məsələlərin həlli yollarını axtarıb tapmaqdır.
4 pərdədən ibarət tamaşanın ilk pərdəsində söhbət bir yazıçı ailəsindən gedir. Qızlarını itirəndən sonra bu cütlüyün həyatlarında baş verən dəyişiklər ön planda verilir. Tamaşaçının diqqəti qadın-kişi münasibətlərində gedən narsisizmə və qadın haqlarının pozulmasına yönəldilir.
Sonrakı pərdədə pulun insan həyatına gətirdiyi dəyişikliklərə, qadın həyatına təsir göstərən amillərə və ana-qız münasibətlərinə toxunulur.
Ailə əlaqələrinin insanın sonrakı yaşlarında təsirləri isə 3-cü pərdədə öz əksini tapır. Bunun hətta psixioloji problemlə nəticələnə biləcəyi də göstərilir. Tamaşanın finalında artıq bir neçə cəhətdən dağılmış ailə ilə qarşılaşırıq. Təkuşaqlı ailə də olsa, burada əsas problem bir-birini başa düşməməkdən və ya səhv başa düşməkdən qaynaqlanır. Tamaşa boyu istər aldatma, istərsə də qadın, kişi yollarının cəmiyyətdə necə təhrif olunmasını görürük.
Tələbə aktyorlar Səid Quliyev (İlqar), Səfa Qarayeva (Ofeliya), Aytac Vəliyeva (Vəfa), Ruqiyyə Əmrahlı (Lətafət), Leyla Cavadova (Təranə), Nicat Əsədov (Bəxtiyar), Mirhəsən Cəfərov (Ziya), Rüstəm Quliyev (Arif), Misir Quluzadə (O), Nərmin Məmmədyarova (Firuzə), Gülgün Oktay (Bəyaz), Elbəy Cabbarlı (Yaşar), Dilbər Rahim (Həyat) və Aygün Abbasova (ev sahibi) öz rollarını məharətlə oynayaraq tamaşaçı alqışları qazanıblar.
Tamaşanın cəmiyyətə ümumiləşmiş mesajı ev sahibinin dilindən verilib, nəticə çıxarmaq isə tamaşaçının ixtiyarına buraxılıb: “Mən 27 ildir bu evi kirayə verirəm. Sizdən əvvəl bu evdə 4 ailə qalıb. Hamısı da bir-birindən fərqli idi. Bir bilsəniz bu divarlar var ha, nələr eşidib, nələr duyub? Elə vaxt olub, içində qalan insanlarla birlikdə gülüb, ağlayıb. Elə vaxt olub ki, boş qalıbdı…
Biri gəldi, ərindən yarımadı. O birisi gəldi, anasından yarımadı. Biri də özündən yarımadı, bunlar da bir-birindən. Yenə bu 4 divar, yenə mən. Siz siz olun, 4 divar arasında qalmayın”.
Sonda tamaşa salonunda böyük izdiham yaradan izləyicilərə və gecələrini gündüzlərinə qatıb ssenariyə bağlı qalan aktyorlarara təşəkkürünü çatdıran Dilbər Rahim bir məqama da toxunmağı özünə borc bilərək vurğulayıb ki, səhnədəki tələbələrin tibbi savadları çox yüksəkdir: “Onlar Tələbə Elmi Cəmiyyətinin işində xüsusi fəallıq göstərən, eyni zamanda təqaüdçü tələbələrdir. Yəni yanlış təsəvvür yaranmasın ki, səhnəyə bekarçılıqdan gəliblər. Ona görə də aramızda olmaq istəyən bütün tələbələri gələcək tamaşalarımızda gözləyirik”.
Qeyd edək ki, ATU-nun tələbə klubu 2018-ci ildən fəaliyyət göstərir. İlk tamaşası "Mahmud və Məryəm" olan klub sonralar "Nişanlı qız", narkomaniya mövzusunda "Bir idmançının taleyi" və 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi həkimlərimizə həsr edilmiş "Həkim şəhid Ceyhun" tamaşalarını səhnələşdirib. Həm tələbələrin asudə vaxtının idarəsi, həm də bir həkim kimi psixioloji olaraq həyata hazırlanmaqları baxımından teatr klubunun müstəsna rolu var.