Oftalmologiya kafedrası 100 yaşında

 

Professor Paşa Qəlbinur: Bu gün Azərbaycan oftalmoloqlarının bayramıdır

Bu gün Azərbaycan Tibb Universitetində Oftalmologiya kafedrasının yaradılmasının 100 illiyinə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ümnisə Musabəylinin 120 illiyinə, əməkdar elm xadimi, professor Zəhra Quliyevanın 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açıb. O, son bir ayda universitetdə 4-cü yubiley tədbirinin keçirildiyini bildirib: “Universitetimizdə   ənənəvi olaraq müəllimlərimizin və kafedralarımızın yubileyləri qeyd edilir. Bu tədbir də o sıradandır”.

Prorektor kafedranın yaranma tarixindən və milli kadrların yetişməsi istiqamətində aparılan işlərdən söhbət açıb. O, kafedraya ayrı-ayrı vaxtlarda rəhbərlik edənlər, milli kadrların elmi-pedaqoji istiqamətdə apardığı elmi araşdırmalar, onların Azərbaycan oftalmologiya sahəsinə verdiyi töhfələr və kadrların hazırlanması istiqamətində atılan addımlarla bağlı fikirlərini bölüşüb: “Oftalmologiya kafedrasına 22 il A.Trubin rəhbərlik edib. Milli oftalmoloqlarımızın yetişməsində onun müstəsna rolu olub. Bilirsiniz ki, bizim bu sahədə böyük alimlərimiz yetişib. Zərifə xanım Əliyeva akademik kimi həmin məktəbin yetirmələrindəndir. Həmin məktəbin bariz nümayəndələrindən biri də kafedraya 30 ilə yaxın rəhbərlik etmiş professor Ümnisə Musabəyli olub. O, 1932-ci ildə ilk dəfə olaraq Azərbaycan dilində göz xəstəlikləri ilə bağlı mühazirə deyib. Bir neçə il sonra isə ana dilimizdə dərs vəsaiti yazıb. Bu olduqca önəmli hadisə idi. O, elmi məqalələri yüksək səviyyədə hazırlayıb, tələbələrə anlaşılan dildə təqdim edib. 1945-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub. Yaxşı xatirimdədir, Ümnisə xanım bir azərbaycanlı alim kimi xaricdə nüfuzlu konfrans və konqreslərdə iştirak edər, ingilis dilində mühazirələr deyərdi.

1975-ci ildə kafedraya professor Zəhra xanım Quliyeva rəhbərlik edib. 1972-ci ildən 1983-cü ilədək isə universitetimizi rektoru olub. Məhz onun rəhbərliyi ilə ölkəmizdə oftalmoloqlar ordusu yetişib. Hazırda Paşa Musayev Qəlbinur bu kafedraya uğurla rəhbərlik edir. Onun rəhbərliyi altında 25-ə yaxın elmlər doktoru və elmlər namizədi hazırlanıb. Hesab edirəm ki, kafedranın beynəlxalq əlaqələri olduqca genişdir. Bunun da universitetimiz üçün çox böyük əhəmiyyəti var”.

Sonra Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur çıxış edib. Professor bu günün Azərbaycan oftalmoloqlarının bayramı olduğunu deyib: “Biz bu gün kafedramızın 100 illiyinə toplaşmışıq. Kafedraya ilk vaxtlar İ.Varşavski, K.Orlov, A.Trubin rəhbərlik ediblər. A.Trubinin ən böyük xidmətlərindən biri Azərbaycanın milli  kadrlarını hazırlaması olub ki, onların ən böyük nümayəndələrindən biri Ümnisə Musabəyova idi. Ümnisə xanımın ən böyük xidmətlərindən biri isə dünya və Azərbaycan oftalmologiyasına bəxş etdiyi akademik Zərifə xanım Əliyeva və professor Zəhra xanım Quliyeva olublar”.

P.Qəlbinur kafedra barədə geniş məlumat verdikdən sonra kafedranın tarixi və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Sonra Türk Oftalmoloji Dərnəyinin fəxri sədri, professor Sunay Duman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış ediblər.

Daha sonra ailə adından professor Z.Quliyevanın qızı, Oftalmologiya kafedrasının dosenti Səriyə Quliyeva çıxış edib. Yubiley tədbirinə görə universitet rəhbərliyinə və zəhməti keçən hər kəsə təşəkkürünü bildirən S.Quliyeva kafedranın fəaliyyəti fikirlərini və anası ilə bağlı xatirələrini bölüşüb.

Sonda plenar sessiyalara start verilib.

İki gün davam edəcək tədbirdə yerli mütəxəssislərlə yanaşı, Rusiya və Türkiyədən gəlmiş alimlər də məruzələr oxuyacaq.