Bizi izləyin:
Heydər Əliyev
ATU-da “Şəhərsalma və memarlıq, ətraf mühitin mühafizəsi və qida təhlükəsizliyi” adlı tədbir keçirilib

ATU-da “Şəhərsalma və memarlıq, ətraf mühitin mühafizəsi və qida təhlükəsizliyi” adlı tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasında "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 5 iyun - Ümumdünya Ətraf Mühit Günü və 7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş tədbir keçirilib.

“Şəhərsalma və memarlıq, ətraf mühitin mühafizəsi və qida təhlükəsizliyi” adlanan tədbirdə kafedra müdiri, dosent Fəridə Əli “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ekoloji mühit, dayanıqlı inkişaf və qida təhlükəsizliyi məsələlərinin xüsusi aktuallıq daşmasından söz açıb: “Müasir dövrdə qida təhlükəsizliyi yalnız sağlam qidalanma ilə məhdudlaşmır, eyni zamanda ətraf mühitin qorunması və gələcək nəsillərin sağlamlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələrində dayanıqlı şəhər inkişafı, ekoloji mühitin yaxşılaşdırılması və təhlükəsiz qida sistemlərinin qurulması istiqamətində mühüm addımlar atılır”. F.Əli çıxışında ekoloji biliklərin artırılması, elmi əsaslandırılmış proqramların həyata keçirilməsi və beynəlxalq standartların tətbiqinin ictimai sağlamlığın qorunmasına xidmət etdiyini də vurğulayıb.

Millət vəkili Aydın Mirzəzadə də çıxışında şəhərsalma, infrastrukturun inkişafı, səhiyyə və təhsil sahələrində əldə olunan nəticələr barədə fikirlərini bölüşüb: “Şəhərsalma və memarlıq yalnız texniki proses deyil, həm də cəmiyyətin ümumi mədəni səviyyəsini əks etdirən mühüm göstəricidir. Çətin şəraitlərə baxmayaraq, ölkədə aparılan abadlıq və quruculuq işləri dövlət siyasətinin əsas prioritetlərindəndir”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu tədbirin əhəmiyyətini vurğulayaraq paytaxtda həyata keçirilən memarlıq və tikinti işlərinin işğaldan azad olunmuş ərazilərdə də uğurla davam etdirildiyini bildirib.

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov isə şəhərsalma, infrastrukturun inkişafı və tarixi-mədəni irsin qorunması mövzularına toxunub. Qeyd edib ki, Azərbaycanda şəhərsalma prosesi müxtəlif mərhələlərdən keçərək formalaşıb və bu inkişaf tarixi kontekstdə qiymətləndirilməlidir. Onun sözlərinə görə, müstəqillikdən sonrakı dövrdə şəhərsalma sahəsində daha sistemli və müasir yanaşmaların tətbiq olunmasına başlanılıb.

“Azərbaycan” qəzetinin əməkdaşı, jurnalist Züleyxa Nadir də çıxışında qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirmənin rolundan danışıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Validə Sadıxova ölkədə qida təhlükəsizliyi sahəsində aparılan dövlət nəzarəti, beynəlxalq standartların tətbiqi və ictimai maarifləndirmə istiqamətində görülən işlərdən bəhs edib.

“Orzax Medikal”ın direktoru Şəhriyyə Əhmədova çıxışında keyfiyyətsiz qida məhsullarının insan sağlamlığına təsirindən danışıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Tariyel Şıxbalayev isə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ictimai iştirakçılığın vacibliyini diqqətə çatdırıb.

Tədbirin sonunda ekoloji vəziyyətə dair hazırlanmış video-çarx nümayiş etdirilib.

 

Paylaş

Dostlarınız ilə paylaşın.