Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşları Cənubi Qafqaz əhalisinin üz yumşaq toxuma qalınlığına dair ilk məlumat bazasını yaradıblar

ATU əməkdaşları Cənubi Qafqaz əhalisinin üz yumşaq toxuma qalınlığına dair ilk məlumat bazasını yaradıblar

    Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşları Cənubi Qafqaz əhalisinin üz yumşaq toxuma qalınlığına dair ilk məlumat bazasını yaradıblar. Bu tədqiqatın nəticələri ilə bağlı elmi məqalə “Google Scholar”, “PubMed”, “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarında indekslənən və Q1 kateqoriyasına daxil olan (impakt faktoru 2,6) nüfuzlu “Plos one” jurnalında dərc edilib. “Azərbaycan yetkin əhalisinin üz yumşaq toxuma qalınlığı məlumat bazası: KT tədqiqatı” adlı elmi məqalə universitetin Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova, Radiologiya kafedrasının dosenti Rasım Bayramov və rezident Nərmin Məhərrəmli tərəfindən hazırlanıb.

    Tədqiqatın əsas məqsədi Azərbaycan yetkin əhalisi üçün üz yumşaq toxuma qalınlığı (ÜYTQ) məlumat bazasının yaradılması, eləcə də ÜYTQ ilə cins, yaş və bədən kütlə indeksi (BKİ) arasındakı əlaqənin öyrənilməsi olub. Üç il ərzində aparılan və müxtəlif yaş qruplarını əhatə edən araşdırma 300 kompüter tomoqrafiyası (KT) müayinəsi üzərində həyata keçirilib.

   Tədqiqat zamanı üzün 20 anatomik nöqtəsində yumşaq toxumaların qalınlığı ölçülüb. Əldə olunan nəticələr məhkəmə tibb ekspertizasında kəllə-üz rekonstruksiyası və şəxsiyyətin identifikasiyası, antropoloji tədqiqatlar, plastik və üz-çənə cərrahiyyəsində əməliyyatların planlaşdırılması, həmçinin ortodontik müalicənin aparılması üçün mühüm əhəmiyyət kəsb edir.

   Tədqiqatın nəticələri həm ölkəmizdə, həm də beynəlxalq elmi ictimaiyyətdə məhkəmə antropologiyası, radiologiya və üz-çənə cərrahiyyəsi sahələrində aparılan gələcək araşdırmalar üçün dəyərli elmi mənbə hesab olunur.

Paylaş

Dostlarınız ilə paylaşın.