Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 61 yaşı tamam olur.
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. 2003-cü il oktyabrın 15-dən Azərbaycan Respublikasının Prezidentidir.
Dövlət başçısının atası ulu öndər Heydər Əliyev SSRİ kimi böyük dövlətin sayılıb-seçilən, hörmət edilən liderlərindən biri olub. Ümummilli lider Heydər Əliyev 1970-80-ci illərdə ermənilərin ən çox çəkindikləri siyasətçi idi. Azərbaycanın müstəqilliyini dəstəkləyən 43 istiqlalçı deputatdan biri olan ulu öndər Heydər Əliyev SSRİ-nin dağılmasını dəstəkləyənlərdən olmaqla, mili azadlıq hərəkatının tələblərini müdafiə edib. Müstəqillik dövründə ümummilli liderin quruculuq işləri, torpaqların işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, beynəlxalq neft-qaz müqavilələrinin bağlanması və s. istiqamətlərdə gördüyü işlər hər kəsə məlumdur.
Ulu öndər Heydər Əliyev bu kimi fəaliyyəti ilə Prezident İlham Əliyevə görəcəyi işlərin yolunu və yönünü göstərib. 18 illik prezidentliyi dövründə onun gördüyü işlər ümummilli liderin fəaliyyətinin davamı, vəsiyyətinin yerinə yetirilməsidir.
İlham Əliyevin anası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevadır. O, Azərbaycanın tanınmış dövlət və ictimai xadimi Əziz Əliyevin qızıdır. Əziz Əliyev 1945-46-cı illərdə İranda Azərbaycan türklərinin hüquqlarının təmin olunması istiqamətində mübarizə aparan soydaşlarımıza çox kömək göstərib.
Azərbaycan lideri ölkə həyatının, cəmiyyətinin müxtəlif sahələrində saysız yeniliklərə imza atıb. Bu yeniliklər siyasətdə, iqtisadiyyatda, ordu quruculuğunda, diplomatiyada, sosial sahədə, elmdə, təhsildə, mədəniyyətdə, səhiyyədə, idmanda, ailə dəyərlərinin qorunmasında, yeni infrastrukturun yaradılmasında, yolların çəkilməsində, bir sözlə, ölkənin bütün sahələrində özünü büruzə verib, inkişafa yol açıb, Azərbaycanı çiçəkləndirib, dünyanın qüdrətli, sayılıb-seçilən, sözü eşidilən, hörmət qoyulan dövlətlərindən birinə çevirib.
Prezident, Ali Baş Komandan, sərkərdə, siyasətçi kimi İlham Əliyevin şah əsəri azad Qarabağ, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. O, atası Heydər Əliyevin yarımçıq qalan işlərini davam etdirməklə yanaşı, onun vəsiyyətinə əməl edən ən xoşbəxt varisdir.
Azərbaycan lideri xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən vurğulamışdı: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Ali Baş Komandan Qarabağda Zəfərin qazanılmasına rəhbərlik etməklə, yalnız Heydər Əliyevin vəsiyyətinə əməl etməyib, o, Cümhuriyyət dövründən indiyə qədər Azərbaycanda bir çox dövlət başçısının etməyə imkanı olmayan vəzifəni yerinə yetirib, milli borcunu ləyaqətlə ödəyib.
Regional əməkdaşlıq onun prezidentliyi dövründə daha da genişlənib. Hakimiyyətdə olduğu dövrdə bir çox layihələrin reallaşmasına imza atan Azərbaycan lideri “Zəngəzur dəhlizi” layihəsinin təşəbbüskarlarındandır.
Prezident Azərbaycanın dostlarını və düşmənlərini adı ilə çağırmaqdan çəkinməyib. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra müsahibə, çıxış və açıqlamalarında bunu açıq-aşkar vurğulayıb.
Prezident İlham Əliyev elm, təhsil və mədəniyyətin inkişafına daim diqqət göstərib. Eyni siyasət əhalinin sosial müdafiəsi, səhiyyə, bütövlükdə humanitar sahədə də həyata keçirilib. Azərbaycan lideri bu sahələrlə bağlı çox sayda sərəncam, fərman, qərar imzalayıb. Bu illər ərzində aztəminatlı ailələr dövlət qayğısı ilə əhatə olunublar.
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə sosial və mədəni səpkili müxtəlif beynəlxalq layihələrdə fəal iştirak edir. Pandemiyaya qarşı mübarizədə ölkənin adı öncüllər sırasındadır. Dövlət başçısının tapşırığı ilə dünyanın bir sıra ölkələrinə COVID-19-a qarşı vaksin göndərilib.
Altmış yaşlı Prezident indi işğaldan azad edilən Azərbaycan torpaqlarında quruculuğa və bu ərazilərin dirçəldilməsinə rəhbərlik edir. Yuxarıda qeyd etdiyimiz məsələlər Prezident və Ali Baş Komandanın reallaşdırdığı çoxsaylı işlərdəndir. Azərbaycanın daha da qüdrətli olması üçün onun bundan sonra da böyük layihələrə imza atacağı şübhə doğurmur.
Daim dövlət başçısının diqqəti ilə əhatə olunmuş Azərbaycan Tibb Universitetinin rəhbərliyi və kollektivi, tələbələri adından Azərbaycan Azərbaycan Respublikasının 60 yaşlı Prezidentini yubiley münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və qarşıya qoyulan bütün hədəflərə nail olmasını arzulayırıq!