Futzal turniri yekunlaşıb


Dekabrın 13-dən ATU tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş futzal turnirinə start verilib.
ATU-nun “Təbib” idman klubu və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilin turnir dekabrın 23-də final yarışı ilə yekunlaşıb.
“Təbib” idman klubunun sədri Qələndər Aslanov bildirib ki, turnirin təşkilində əsas məqsəd Heydər Əliyev irsinin tələbələrə aşılanması və Azərbaycan Tibb Universitetində futzal idman növünün təbliğinə və inkişafına nail olmaqdır: “Çünki belə yarışlar universitet tələbələri içərisindən perspektivli idmançı tələbələrin aşkarlanaraq futzal üzrə yığma komandaya cəlb edilməsinə zəmin yaradır. Eyni zamanda ATU tələbələrinin futzal üzrə yığma komandası formalaşır və həmin komandanın yarışlarda iştirakı təmin olunur”.
Daha çox tələbənin iştirak etməsi üçün turnir fakültələr arasında deyil, qruplar arasında keçirilib və I kursları əhatə edib. Beləliklə, yarışlara 14 komandada təmsil olunmaqla 120 tələbə qatılıb ki, onların da çoxu Hərbi Tibb Fakültəsində təhsil alanlardır.
Final mərhələsində 3 komanda yarışıb. Stomatologiya fakültəsini təmsil edən komanda I yerə layiq görülüb. Hərbi Tibb Fakültəsinin 2 komandası isə II (622A1a) və III (622A4c) yeri bölüşüblər.
Qalib komandaların üzvlərinə Nəsimi Rayon Gənclər və İdman İdarəsi ilə “Təbib” idman klubunun birgə hazırladığı xüsusi diplomlar təqdim edilib.