ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti Kəmalə Bədəlova Pakistanın Lahor şəhərində yerləşən Lahor Universitetində keçirilmiş Səhiyyə Peşəkarlarının Beynəlxalq Sammitində (ISHP-2022) iştirak edib.
“Peşəkarlararası səy: Dərmanların kəşfindən əczaçılıq baxımına səyahət” mövzusunda keçirilən sammitdə Pakistanın müxtəlif şəhərlərindən və Türkiyə, Danimarka, Mərakeş, ABŞ, Avstraliya, İtaliya, İngiltərə, Fransa, Meksika, Misir və s. ölkələrdən 700-dən çox iştirakçı - aparıcı elm mərkəzlərindən və ali təhsil ocaqlarından olan alimlər öz elmi-tədqiqat işlərinin nəticələri haqqında maraqlı məruzələrlə çıxış ediblər.
ATU-nun əməkdaşı tədbirdə Beynəlxalq əsas məruzəçi (International keynote speaker) kimi iştirak edib. O, çıxışında Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətindən söz açaraq, 44 günlük müharibədəki qələbəmizdən danışıb.
Sammit çərçivəsində dekabrın 8-də gənc alim və tələbələrin çoxsaylı poster təqdimatları olub, K.Bədəlova jüri üzvü olaraq iştirak edib. Dekabrın 9-da isə o, “Məhkəmə-kimyəvi analizində metallarla zəhərlənmə” mövzusunda geniş məruzə oxuyub.
Sammit günlərində universitet daxili müxtəlif elmi-tədqiqat laboratoriyalarına, kitabxanaya, universitet nəzdində olan xəstəxana və apteklərə baxış, müxtəlif elm adamları, rəhbər şəxslərlə görüşlər keçirilib. Lahor Universitetinin rektoru, professor Muhammad Aşraf Azərbaycan Tibb Universiteti ilə memorandum imzalanmasında maraqlı olduqlarını diqqətə çatdırıb. ATU-nun əməkdaşı bəzi şərtlər daxilində rəsmi sənəd əsasında Lahor Universitetinə köməkçi müəllim vəzifəsinə təyin edilib.
Tədbir yerli mətbuatda geniş işıqlandırılıb.