Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) prezidenti, professor Ənvər Həsənoğlu ilə görüşüb. Görüş zamanı tərəflər arasında əməkdaşlığım genişləndirilməsi barədə müzakirələr aparılıb.
Qonağı salamlayan rektor G.Gəraybəyli ona ATU-nun fəaliyyəti barədə məlumat verib, ali məktəbin beynəlxalq əlaqələrindən, dünya universitetləri ilə münasibətlərindən danışıb. ATU-nun Beynəlxalq Pediatriya Assosiasiyası ilə əlaqələrinə toxunan rektor Gəray Gəraybəyli gələcəkdə bu əməkdaşlığım daha uğurla inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib.
IPA-nın prezidenti, professor Ənvər Həsənoğlu Bakıda keçirilən I Milli Pediatriya Konqresinin nəticələri haqqında görüş iştirakçılarını məlumatlandıraraq növbəti belə tədbirin daha geniş formatda təşkil olunacağını bildirib. Ə.Həsənoğlu ATU ilə qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu xüsusilə qeyd edib.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, universitetin I uşaq xəstəlikləri kafedrasının dosenti, pediatr Nigar Sədiyeva, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov, Azərbaycan Pediatriya Cəmiyyətinin üzvü Əli Quliyev, ATU-nun Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.