Azərbaycan Tibb Universiteti İctimai Səhiyyə Fakültəsinin təşkilatçılığı ilə “İxtisasını tanıt” adlı müsabiqənin keçirilməsi artıq ənənə halını alıb. Növbəti müsabiqə 2022-ci ilin 22-23 dekabr tarixlərində keçirilib.
Müsabiqədə fakültənin İctimai səhiyyə, Tibb bacısı işi, Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarında təhsil alan tələbələri iştirak edib. Layihənin məqsədi tələbələrin təhsil aldıqları ixtisasları tanıdıqları qədər tanıtması və bu tanıtıma hazırlaşarkən apardıqları araşdırmalar nəticəsində ixtisasları ilə bağlı özləri üçün sual doğuran məqamlara cavab tapmalarıdır. Müsabiqəyə 5-i İctimai səhiyyə, 9-u Fizioterapiya və tibbi reabilitasiya, 7-si Tibb bacısı işi ixtisasından olmaqla 21 qatılıb.
Münsiflər heyətinin üzvləri - fakültə dekanı, professor Anar Ağayev və dekan müavini, dosent Qalina Qəniyeva, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Yaqut Hacızadə, II Uşaq xəstəlikləri kafedrasının dosenti Fəxriyyə Məmmədova və Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Rüfət Cabbarov 3 əsas meyarı - mövzunun əhatəliliyi, elektron təqdimatın keyfiyyəti və tələbənin çıxışını qiymətləndiriblər.
Təhsil aldığı ixtisası ən gözəl şəkildə tanıdan Fateh Əsədbəyli (İctimai səhiyyə), Əlirza Cəfərov (Fizioterapiya və tibbi reabilitasiya), Rəna Cumayeva (Tibb bacısı işi) I yerə layiq görülüblər. Qalib tələbələrə kubok verilib, müsabiqə iştirakçıları isə sertifikatlarla təltif olunublar.
Müsabiqənin təşkilatçılıq işində aktivlik göstərən Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə III kurs tələbəsi Aytən Əlihüseynliyə fakültə dekanı sertifikat təqdim edib.