Dekabrın 27-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və ATU-nun “Təbib” idman klubunun birgə təşkilatçılığı ilə stolüstü tennis idman növü üzrə qadınlar və kişilər arasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnir keçirilib. Universitetimizin Tədris İdman Kompleksində baş tutan turnirə 7 qız, 17 oğlan tələbə qatılıb.
Açılış mərasimində dövlət himnimiz səsləndikdən sonra “Təbib” idman klubunun sədri Qələndər Aslanov turniri açıq elan edərək tələbələrə uğurlar arzulayıb. O, belə yarışların sessiya qabağı tələbələrin motivasiya olunmasında böyük əhəmiyyət daşıdığını bildirib.
Bundan sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Cəlil Əlizadə idarənin rəisi Raqif Abbasovun adından bütün iştirakçıları salamlayaraq, tələbələrə və klubun kollektivinə səmimi təbriklərini çatdırıb. O, Bakı şəhərində yerləşən ali təhsil müəssisələri arasında ATU-nun hər zaman fərqləndiyini, heç bir universitetdə il boyu bu qədər idman tədbirlərinin keçirilmədiyini vurğulayıb.
Nəsimi rayon Gənclər və idman idarəsinin rəisi Şahmar Tağıyev də tədbirdə çıxış edərək, ulu öndər Heydər Əliyevin idmana və idmançılara hər zaman verdiyi dəyərdən və ölkə idmanının inkişafından danışıb.
Sonra turnirə start verilib. Dairəvi sistemlə keçirilən turnirin sonunda qaliblər müəyyənləşib. Qızlardan Vəfa Əliyeva I, Səna Balkan II, Aynur Quliyeva III, oğlanlardan isə Abdullətif Çağın I, Sezer Güngördü II və Barış Kaplan III yerlərə layiq görülüblər.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif olunublar.