AIESEC beynəlxalq təşkilatının ölkəmizdəki nümayəndəliyinin əməkdaşları Azərbaycan Tibb Universitetinin bir qrup tələbəsi ilə Global Volunteer, Global Teacher və Global Talent təcrübə proqramları haqqında məlumatlandırıcı tədbir keçirib. Toplantını açan ATU-nun II Müalicə-profilaktika fakültəsi üzrə THİK-in sədri Zivər Hüseynova tələbələri tədbirin məqsədi ilə tanış etmək üçün sözü bu beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gülara Məmmədovaya verib.
G.Məmmədova bu təşkilatın yaranma tarixi, inkişaf yolu və xaricdəki könüllü və maaşlı təcrübə proqramlarında iştirak etmək üçün qeydiyyat prosedurları, eləcə də ölkəmizdə gördüyü işlər haqqında ətraflı məlumat verib. O, çıxışında qeyd edib ki, hazırda 130-a yaxın ölkədə fəaliyyət göstərən və dünyanın ən böyük beynəlxalq gənclər təşkilatı olan AIESEC-in əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxarmaq və onların inkişafına səmərəli töhfə verməkdir. Yarandığı gündən bir milyondan artıq gəncin şəxsi inkişafına səbəb olan təşkilatın müxtəlif proqramları vasitəsilə gənclərə beynəlxalq təcrübə keçmək şansı yaradılıb. G.Məmmədova bildirib ki, AIESEC təşkilatı Azərbaycanda 2006-cı ildən bəri fəaliyyət göstərir və hazırda ölkəmizdə 200-dən artıq fəal üzvü var.
Tədbirdə çıxış edən AIESEC Azərbaycan təşkilatının marketinq menecerləri Aysel Əzizova, Nərmin Ağayeva və Aysel Abudova vurğulayıblar ki, əgər tələbələr gənclik illərinin ən gözəl dövrü olan tələbəliyi daha da maraqlı, səmərəli, faydalı və beynəlxalq bir mühitdə inkişaf etdirərək keçirmək istəyirlərsə, bu təşkilatın tələblərini gözdən keçirib ona üzv ola bilərlər.
Diskussiya formasında keçirilən tədbirdə təşkilat nümayəndələri ilə tələbələrimiz arasında maraqlı müzakirələr aparılıb. Sonda AIESEC Azərbaycan təşkilatının rəhbəri G.Məmmədova tələbələri maraqlandıran sualları cavablandırıb.