Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasında Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə toplantı keçirib. Tədbirdə kafedranın müdiri, professor Nuru Bayramov çıxış edərək tədbir iştirakçılarını təbrik edib, onlara cansağlığı, sülh və əmin-amanlıq içində həyat arzulayıb.
Daha sonra Vətən müharibəsi iştirakçılarının müalicəsində daha aktiv iştirak edən, yaralılara xüsusi qulluq göstərən kafedra əməkdaşlarına təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, ATU-nun I cərrahi xəstəliklər kafedrasının həkimləri indiyədək yüzlərlə qazinin müalicəsini uğurla aparıblar. Onlardan ikisi – Fərid Abdullayev və Elvin Quliyev də bayram tədbirində iştirak ediblər. İkinci Qarabağ müharibəsində göstərdikləri şücaətə, Vətənə şərəfli xidmətə görə qazilərimizə kafedra adından təşəkkürnamə təqdim olunub.