ATU-da qış imtahan sessiyası davam edir
Yaxşı nəticə üçün oxumaqdan başqa yol olmadığını hər kəs başa düşür
Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası ötən ilin 29 dekabrından başlayıb. ATU-nun İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərovanın “Təbib”in əməkdaşına bildirdiyinə görə, proses sıx və gərgin qrafiklə davam edir:
“Hər gün imtahanlar saat 8.30-17.50 arasında keçirilir. Hər bir fənn imtahanı 40 dəqiqə çəkir. Bu müddət ərzində 200-ə yaxın tələbə imtahanda iştirak edir, biliklərini sınaqdan keçirir”.
Ü.Cəfərova hər il tədrisin keyfiyyətinin artırılması istiqamətində yeni addımlar atılmasından da söhbət açıb: “Bu ildən etibarən 1-ci və 2-ci kursda oxuyan tələbələr üçün test bazasına 100 nümunəvi test yerləşdirmişik. Onlardan 10-u təkrarçılıq olmadan, yenilənmə ilə imtahana salınır, 15 sual isə internetdə yerləşdirilməyən suallar olur. Bu o məqsədlə edilir ki, tələbə əzbərçilikdən kənar olsun, kitab oxusun. Artıq hiss olunur ki, 1-ci, 2-ci kurs tələbələri ciddi şəkildə kitab oxumağa başlayıblar. Bəzi kafedralar bu məsələdə bizə yaxından kömək edir, test suallarını vaxtaşırı təzələyirlər”.
İmtahan Mərkəzinin müdiri yuxarı kurs tələbələrinin verdiyi imtahanların nəticələrinə də toxunub: “Görülən işlərin və tədbirlərin nəticəsində yuxarı kurs tələbələri də aydın dərk edir ki, yalnız yaxşı oxumaqla yüksək nəticələr əldə etmək olar. Onlar arasında belə fikir formalaşmağa başlayıb ki, oxumasan, heç bir güzəşt olmayacaq. Bu günlərdə 5-ci kurs tələbələri “Daxili xəstəliklər” fənnindən imtahan verdi. Yüksək göstəricisi olanlar az oldu. Çünki tələbələr şişirtmə deyil, real qiymətlərini aldılar. Bunun isə yaxşı nəticə olduğunu deyə bilərik”.
Ü.Cəfərova bəzi tələbələrin imtahan zamanı qayda pozuntularına yol verdiyini də bildirib. Tələbələrin bir-birlərinə kömək etmək faktlarının aşkar olunduğunu, pozuntuların qarşısının alınması üçün təqdimatlar yazıldığı və lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Qeyd edək ki, imtahanların fevralın 1-dək davam etməsi nəzərdə tutulub. Üzrlü səbəbdən iştirak edə bilməyənlər fevralın 6-8-də təşkil ediləcək imtahanlara qatıla bilərlər.